Tərlan Əhmədov hədəflərini açıqladı: Avropa Liqasına vəsiqə qazanmaq istəyirik - MÜSAHİBƏ
04.08.2014 - 12:58
Tərlan Əhmədov hədəflərini açıqladı: Avropa Liqasına vəsiqə qazanmaq istəyirik - MÜSAHİBƏ

“İnter”lə yoxlama oyunu keçirən və 0:2 hesabı ilə məğlub olan AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

 

- Ötən həftə Boludakı toplanışı yekunlaşdırdınız. Hazırlıq prosesi sizi qane etdimi?

- Hazırlıq prosesindən sonra futbolçulara 3 günlük istirahət vermişdik. Yeni transferlərimizdən olan Tomi Kostadinov hələ komandaya qoşulmayıb. Onun viza ilə bağlı problemi yaranıb, amma tezliklə həll ediləcək. “İnter”lə yoxlama oyununu keçirməkdə məqsədimiz ilk tur öncəsi hansı çatışmazlıqlarımızın qaldığını müəyyənləşdirmək və qarşıdakı 1 həftə ərzində üzərinə işləməkdi. Hazırlıq öz yerində, vacib olan mövsümə uğurlu start verməkdir. Hansı boşluqlarımızın olduğunu gördük, qarşıdakı günlərdə onu da yoluna qoyacağıq.

 

- Boşluqlar, çatışmazlıqlar çoxdurmu?

- İstər-istəməz hər oyunda boşluqlar, çatışmazlıqlar, səhvlər olacaq. Səhvləri düzəldə-düzəldə inkişaf edirsən. Qarşıdakı rəqib də hansısa taktikanı ortaya qoyur, nəticədə boşluq yaranır. Amma bizi narahat edən səhvlər hansılardırsa, onun üzərində çalışacağıq.

 

- Mövsümlərarası fasilədə heyəti komplektləşdirmək üçün çoxsaylı transferlər həyata keçirdiniz. Onlar necə, adaptasiya prosesini uğurla keçiblərmi?

- “İnter”lə oyunda da gördüm ki, hələ tam uyğunlaşa bilməyiblər. Hələ ki vaxtımız var. Birinci oyuna qədər bu prosesin başa çatacağını düşünürəm.

 

- Çempionata “Xəzər Lənkəran”la oyunla start verəcəksiniz. Rəqibin hansısa oyununu izləmisinizmi?

- Son oyunlarının heç birinə baxmamışıq. Onlar Sloveniyada hazırlıq keçiblər. Bilirik ki, oyunlar hər zaman ağır keçir. Çalışacağıq, yeni mövsümə qələbə ilə başlayaq. Çempionata kiminlə deyil, necə başlamağın vacibdir. Uğurlu start üçün əlimizdən gələni edəcəyik.

 

- “Xəzər Lənkəran”ın oyununuz izləmədiyinizi dediniz. Sizdən fərqli olaraq rəqib komandanın baş məşqçisi yoxlama matçını tribunadan izləyib, qeydlər apardı. Bu sizi narahat etmir?

- Olsun, izləsinlər. Bu onun işidir. Hər bir baş məşqçi qarşılaşacağı rəqibin oyununu analiz edir. Biz də “Xəzər Lənkəran”ın Sloveniyadakı oyunlarından birinin videoyazısını əldə etməyə çalışacağıq. Doğma meydanda oynayırıq, çalışacağıq qələbə qazanaq.

 

- Transfer pəncərəsi avqustun 31-də bağlanacaq. Hansısa futbolçunun keçidi gündəmdə varmı?

- Ola bilsin, hücum xəttini gücləndirmək üçün bir transfer edək.

 

- Danışıq apardığını futbolçu varmı?

- Var, artıq onları izləyirik. Hazırda danışıqlar davam edir. Razılıq əldə edilsə, dəvət edib, yoxlayacağıq.

 

- Adətən mövsümün əvvəlində komandalar qeyri-sabit çıxış edir. AZAL tam gücünü göstərməsi üçün neçə tur lazımdır?

- Bunu əvvəlcədən demək mümkün deyil. Çempionat boyu uğur qazanmaq, yaxşı oynamaq istəyirik. Öncəgörənliyi Nostradamus edə bilər, biz məşqçilər bunu bacarmarıq.

 

- Ötən çempionatda AZAL hətta turnir cədvəlinin zirvəsinə qədər yüksəldi. Amma sonradan bu uğurun ardı gəlmədi. Yenə həmin situasiya ilə üzləşməyəcəksiniz?

- Oyundan oyuna inkişaf etmək istəyirik. Mövsümə yaxşı başlayıb, sonluğu pis gətirən komandaya da sahib olmaq istəmirəm. Ötən mövsüm üçüncü və dördüncü dövrələrdə komanda ümumiyyətlə qələbə qazana bilmədi, cəmi 7 heç-heçə əldə etmişdik. Baxımlı futbol oynamaq və yer uğrunda mübarizə aparmaq haqda düşünürük.

 

- Hədəfiniz nədir?

- 1-4-cü yerlər uğrunda mübarizə aparırıq. Ancaq çempionat asan olmayacaq. Avropa Liqasına vəsiqə qazanmaq istəyirik.