Tez gedənlər
07.05.2014 - 15:53
Tez gedənlər

Topaz Premyer Liqasında cari mövsüm başa çatmaq üzrədir. Artıq 10 gündən sonra ölkə kubokunda oynayacaq “Neftçi” və “Qəbələ”nin futbolçuları istisna olmaqla, digərləri istirahətə çəkiləcək.

 

Ancaq elə futbolçular da var ki, mövsüm başa çatmamış artıq komandadan ayrılıblar. Həmin futbolçulardan bəzilərini böyük ehtimalla növbəti mövsüm ölkəmizdə görməyəcəyik. Apasport.az saytı erkən istirahətə gedənləri diqqətinizə çatdırır.

 

1. Araz Abdullayev (“Neftçi”). Millimizin futbolçusu üçün cari mövsümü uğurlu saymaq da olar, saymamaq da. Uğurlu o baxımdan saymaq olar ki, syerra-leoneli yarımmüdafiəçi Julius Vobay BƏƏ-nin “Əl-Şaab” klubuna icarəyə getdikdən sonra Arazın “Neftçi”də daha çox oynamaq imkanı yarandı. Ancaq futbolçunun uğursuz anları da oldu. Bunlardan sonuncusu Topaz Premyer Liqasının XXXI turunun “Sumqayıt”la görüşündə “Neftçi” azarkeşini söydüyü üçün 3 oyunluq cəzalandırılması idi. Araz artıq növbəti turun “Rəvan”la matçında meydana çıxmalıydı. Ancaq... AZAL ilə oyun öncəsi latviyalı qapıçı Pavel Doroşevlə toqquşması onun ayaq pəncəsindən ciddi zədə almasına və mövsümü erkən başa vurmasına səbəb oldu. Təsadüfi deyil ki, mayın 22-dən sonra ABŞ-la yoldaşlıq oyunu üçün millimizin düşərgəsinə yollanmalı olan Abdullayev yığmanın heyətindən də çıxarıldı.

 

2. Sesar Meza (“İnter”). Tam adı Sesar Daniel Meza Kolli olan paraqvaylı hücumameyilli futbolçu yayda “bankirlər”ə keçməsinə baxmayaraq, qardaşı Davidə nisbətən meydanda çox az dəqiqə keçirdi. 22 yaşlı futbolçu “Neftçi” ilə ölkə kubokunun 1/4 finalının cavab görüşündə ciddi zədələndi. O, oyuna daxil olduqdan 3 dəqiqə sonra zədə alaraq, meydanı xərəkdə tərk etməli oldu. İtaliya vətəndaşlığı da olan Sesar daha sonra Almaniyada əməliyyat olundu.

 

3. Mindauqas Kalonas (“Simurq”). Litvalı legioner ötən mövsümün ikinci və cari birinciliyin ilk yarısında çempionatda “at oynadırdı”. Millisinin də üzvü olan futbolçu “Rəvan”da özünü göstərməklə “Bakı”ya keçmişdi. Burda 7 qol vuran Kalonas sonradan serbiyalı baş məşqçi Milinko Pantiçin qəzəbinə tuş gəldi. Belədə 30 yaşlı futbolçu “Simurq”a icarəyə verildi. Ancaq Mindauqas Zaqatala təmsilçisində cəmi 5 oyun keçirdi. Əvvəl zədə aldığına görə meydana çıxmadığı bilinsə də, sonradan məlum oldu ki, Kalonas üçün “Simurq” karyerası məlum olmayan səbəblərdən erkən başa çatıb.

 

4. Etto (“Bakı”). Braziliyalı futbolçunun “evini yıxan” “İnter”ə 0:4 hesablı yenilginin qeydə alındığı matç oldu. Əsl adı Elilton Arauju dos Santos olan Etto həmin görüşdə əvvəl öz qapısına qol vurdu, daha sonra baş hakim Rəhim Həsənova fiziki təsir göstərməyə çalışdığı üçün qırmızı vərəqə ilə meydandan qovuldu. Bunun nəticəsi olaraq 33 yaşlı sağ cinah müdafiəçisi 10 oyunluq cəza aldı, klubunu isə 10 min manat ziyana saldı. Sonradan hakimdən üzr istəsə də, çətin ki, onu bir də “Bakı”da görək. Çünki bu futbolçunu saxladığına görə, “Bakı” klubuna deyilməyən söz qalmadı...

 

5. Nikola Valentiç (“Qəbələ”). “Qəbələ”nin serbiyalı müdafiəçisi Ramiz Məmmədovun transfer etdiyi legionerlərdən qalan son nümunədir. Ancaq deyəsən, onun da “Qəbələ” karyerasına çox qalmayıb. Məşqlərdən birində ciddi şəkildə zədələnən Valentiç aprelin ortalarında Serbiyada əməliyyat olunduqdan sonra bir daha Qəbələyə qayıtmayıb.

 

6. Samuel Barlay (AZAL). Yayda “Rəvan”la müqaviləsi başa çatsa da, Vaqif Sadıqova “hədiyyə edilən” futbolçulardan olan mərkəz yarımmüdafiəçisi Tərlan Əhmədovun vaxtında uğursuzluğa düçar oldu. Belə ki, syerra-leoneli futbolçu ötən tur “Simurq”la qarşılaşmanın 71-ci dəqiqəsində meydana daxil olsa da, ciddi zədə aldı. Qasıq nahiyəsində yırtıq əmələ gələn yarımmüdafiəçi ən azı 3 həftə məcburi istirahətə göndərildi.

 

7. Dmitri Kruqlov (“Rəvan”). “Neftçi” və “İnter”dən sonra “Rəvan”a da uğurlu karyera dalınca gələn Dima bu dəfə autsayderlər zonasında qərarlaşan komandada xoşbəxtliyə nail ola bilmədi. Estoniya yığmasının futbolçusu XXXI turun “Qəbələ” ilə matçında zədə aldı. Onun çiyin vətərəsi qopduğu üçün 2 ay yaşıl meydanlardan ayrı qalacağı məlum oldu.

 

Əslində bu siyahını daha da uzatmaq olar. Belə ki, “Qəbələ”də qapıçı Dieqo Koşta və “İnter”də müdafiəçi Elhad Nəzirinin də mövsümün sonunadək əsas komandada görünməyəcəyi dəqiqdir.