Topaz Premyer Liqasında 400-cü qol
08.05.2014 - 08:18
Topaz Premyer Liqasında 400-cü qol

Topaz Premyer Liqasında 2013/14 mövsümünün 400-cü qolu vurulub. Apasport.az saytının məlumatına görə, yubiley qolu “Rəvan”la “Simurq” arasındakı matçda qeydə alınıb.

Oyunun 26-cı dəqiqəsində penaltidən vurduğu topla paytaxt təmsilçisinə 1:0 hesablı qələbə qazandıran Xuan Manuel Varea XXXIV turun və günün 8-ci qoluna imza atıb. Əvvəlki 33 turda 392 qol vurulduğundan, “Rəvan”ın argentinalı legionerinin topu cari mövsümün 400-cü qolu olub. Maraqlıdır ki, 300-cü qol da bu komandaların oyununda vurulmuşdu. III dövrənin XXV turuna təsadüf edən oyunda Rəşad Eyyubov “Rəvan”ı məyus etməklə yubiley qoluna imza atmışdı.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol AZAL-ın oyunçusu Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır. Onlar müvafiq olaraq IX turun “Simurq” və XVIII turun “Neftçi” ilə qarşılaşmalarında fərqlənib.