[b]Topaz Premyer Liqasında limitə düşənlər: 25 qol, 1 dubl[/b]
19.03.2014 - 14:23
[b]Topaz Premyer Liqasında limitə düşənlər: 25 qol, 1 dubl[/b]

Topaz Premyer Liqasının ən məhsuldar gənc futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, artıq 2 mövsümdür çempionatda tətbiq olunan yaş limitinə əsasən meydana çıxan futbolçuların qol sayı bəlli olub.

 

Belə ki, 1992-ci il və daha sonra anadan olduğu üçün heyətdə yeri təmin olunan futbolçular cari mövsümdə 25 qol vurub. Bu toplar 17 yerli gəncin hesabındadır.

 

Limitdən yararlananlar arasında ən məhsuldar oyunçu isə “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevdir. Onun hesabında 6 qol var.

 

Limitdə olanlardan üçü isə 2 dəfə fərqlənib. “İnter”də Abdulla Abatsiyev, “Simurq”da isə Rəşad Eyyubovla Nicat Qurbanov 2 dəfə rəqib qapılarına yol tapıb.

 

XXVI turun AZAL-la oyununda 2 qol vuran Araz cari mövsümdə limitə düşənlərin ilk dublunun da müəllifi olub. Yarımmüdafiəçi gənclər sırasında olan, lakin “limitdəkilər”dən sayılmayan legionerlərin də bacarmadığını edib. 

 

Belə ki, yaşı buna uyğun olan, lakin əcnəbi futbolçu statusu daşıyan 2 oyunçu da qol vurmağı bacarıb. Lakin Leonardo da Silva (“Qəbələ”) ilə Sadio Tounkara (“Xəzər Lənkəran”) da bu çempionatda dubla imza atmayıb. Hərçənd, “Qəbələ”nin braziliyalı legioneri Premyer Liqanın ən məhsuldar gəncidir. Onun hesabında Arazdan da çox – 7 qol var.

0