Bu gün təlim-məşq toplanışı keçirmək məqsədilə Avstriyaya yola düşəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, toplanışa dəvət alan Tuğrul Erat hazırlıqlarda iştirak etməyəcək.
Buna Almaniyanın “Fortuna” (Dusseldorf) klubunda çıxış edən milliləşən legionerin səhhəti ilə əlaqədar yaranan problem səbəb olub. Bu üzdən də onun adı heyətdən çıxarılıb.
Qeyd edək ki, millimiz iyunun 7-də Serbiya ilə Avstriyada yoxlama oyunu keçirəcək. Bundan 5 gün sonra isə yığmamız AVRO-2015-in seçmə mərhələsinin Norveçlə səfər oyununda qüvvəsini sınayacaq.