Türkiyə 2020-ci il Avropa çempionatından imtina etdi
25.04.2014 - 22:00
Türkiyə 2020-ci il Avropa çempionatından imtina etdi

 

Türkiyə Futbol Federasiyası 2020-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etməkdən imtina etdi. Apasport.az saytının məlumatına görə, TFF qərarını çempionatın Avropanın bir ölkəsində deyil, bir neçə ölkəsinin 13 şəhərində keçirilməsi ilə izah edib.

 

Qeyd edək ki, Türkiyə bundan əvvəl 2008, 2012 və 2016-cı illər Avropa çempionatının keçirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Hər dəfə bu çempionatların ev sahibliyi yarışında uduzan Türkiyənin 2020-ci il Avropa çempionatının yarımfinal və final oyunlarına ev sahibliyi edəcəyi şansı yüksək dəyərləndirilirdi.

 

Amma TFF bu gün keçirdiyi iclasdan sonra 2020-ci il çempionatını keçirmək iddiasından geri çəkildiyini açıqlayıb: “Türkiyə həm futbol meydanları, həm də infrastruktur baxımından təkcə final və yarımfinal oyunlarını deyil, turniri tam şəkildə keçirə biləcək vəziyyətdədir. Son vaxtlarda 28 yeni stadionun istifadəyə verildiyini xatırlatmaq kifayətdir. Yaxın dövrlərdə Avropa çempionatını keçirmək üçün bütün meyarlara uyğun gələn 13 futbol meydanına sahib olacağıq. Türkiyə turniri tam şəkildə keçirmək gücündə olan ölkədir. Bu səbəbdən də, 13 ayrı-ayrı şəhərdə keçiriləcək Avropa çempionatının final və yarımfinal oyunlarına ev sahibliyi etmək istəmirik. Türkiyə 2024-cü il Avropa çempionatını tam şəkildə keçirmək üçün mübarizəyə başlayacaq”.