Futzal üzrə UEFA kubokunun 2014/15 mövsümünün təqvimi və yarışın detalları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da taleyinə aydınlıq gəlib.
UEFA son illərdə olduğu kimi ən yüksək reytinqə malik 4 komandanı ilkin və əsas mərhələlərdən azad edib. Azərbaycan çempionu da fərqləndirilənlər sırasında olub. “Araz” İspaniyanın “Barselona”, Qazaxıstanın “Kayrat”, Portuqaliyanın “Sportinq” klubları ilə birlikdə turnirə elit-raunddan başlayacaq. Bu mərhələnin oyunları noyabrda keçiriləcək. Naxçıvan təmsilçisi rəqiblərini oktyabrın 27-də biləcək.
Yarışın 49 iştirakçısından ən aşağı reytinqə malik 29 komanda artıq avqustda mübarizəyə başlayacaq. İlk dəfə yarışda Cəbəllütariq də təmsil olunacaq. 8 qrupda keçiriləcək mərhələnin oyunlarına Xorvatiya, Bolqarıstan, Kipr, Bosniya və Herseqovina, Polşa, İrlandiya, Avstriya, Monteneqro ev sahibliyi edəcək.
İlkin mərhələnin 8 qalibi mübarizəyə əsas raunddan başlayan 16 kluba qoşulacaq. Bu 24 iştirakçı oktyabrda 6 qrupda yarışacaq. Oyunlara Rusiya, Serbiya, Çexiya, Latviya, Macarıstan və Sloveniya ev sahibliyi edəcək. Hər qrupun iki ən yaxşısı isə 4 ən güclüyə qoşulub elit raundda oynayacaq.
Futzal üzrə UEFA kubokunun təqvimi
3 iyul 2014 - İlkin və əsas mərhələnin püşkatması
26-31 avqust 2014 – İlkin mərhələ
30 sentyabr–5 oktyabr 2014 – Əsas mərhələ
27 oktyabr 2014 – Elit raundun püşkatması
18-23 noyabr 2014 – Elit raund
“Dördlər finalı”nın püşkatmasının tarixi dəqiqləşməyib
23 və ya 24 aprel 2015 – Yarımfinal
25 və ya 26 aprel 2015 – Final və III yer uğrunda oyun
UEFA Azərbaycan çempionunu fərqləndirdi
21.06.2014 - 13:00
0
0