UEFA millimizin rəqibinin 1 xalını sildi
24.07.2015 - 11:03
UEFA millimizin rəqibinin 1 xalını sildi

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Xorvatiya yığması UEFA tərəfindən ağır cəzalandırılıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna Splitdə keçirilmiş Xorvatiya – İtaliya matçında (1:1) meydançaya faşist svastikası həkk edilməsi səbəb olub.

 

Svastikanı diqqətdən yayındırmayan İtaliya Futbol Federasiyanın nümayəndələri dərhal etirazlarını bildirmişdilər. Nəticədə Xorvatiya Futbol Federasiyasının rəhbərliyi həm italyanlar, həm azarkeşlər, həm də televiziya tamaşaçılarından buna görə üzr istəmiş, baş verən halı biabırçılıq adlandırmışdı.

 

Polisin də araşdırmaya qarışmasından sonra məlum olmuşdu ki, svastika meydançaya oyundan 1 və ya 2 gün əvvəl həkk olunub.

 

UEFA buna görə xorvatlara ağır cəza kəsib. Belə ki, Avropanın ali futbol qurumu Xorvatiyanın 1 xalını silib. Bundan əlavə, millimizin rəqibi növbəti 2 ev oyununu boş tribunalar önündə keçirməli olacaq. Xorvatiya Futbol Federasiyası isə məlum hadisəyə görə 100 min avro cərimə ödəyəcək.

 

1 xalının silinməsinə baxmayaraq, Xorvatiya (13 xal) yenə H qrupunun lideridi. İtaliya qrupda ikinci (12), Norveç üçüncü (10), Bolqarıstan dördüncü (8), Azərbaycan beşinci (4), Malta isə sonuncudu (1).