Portuqaliyalı futbolçu Uqo Almeyda “Qalatasaray”da oynaya bilər. Apasport.az saytının məlumatına görə, bunu futbolçunun meneceri Ümit Akbulut deyib.
Almeyda əvvəlki meneceri Jorj Mendeslə yollarını ayırandan sonra onu təmsil etmək hüquqlarını Akbuluta verib. Akbulut isə mətbuata açıqlamasında Almeydanın artıq bu həftə “Qalatasaray”a keçə biləcəyini bildirib.
Menecer Almeydanın yenidən Türkiyəyə qayıtdığını və Türkiyədə qalmaq istədiyini bildirib: “Almeyda 3,5 il Türkiyədə oynayıb. Burada olmaqdan xoşbəxtdir. Amma ona “Beşiktaş”dan gələn təzyiqlər çox xoş deyildi. Ona hörmətsizlik edildiyini düşünür. “Beşiktaş” çağırsa belə, təkrar o kluba dönməz. “Beşiktaş” dəftəri bağlanıb. Çoxlu təklif olmasına baxmayaraq, “Qalatasaray”ı gözləyir. “Qalatasaray”ı Türkiyənən ən böyük klubu sayır və burada qalmaq istəyir. “Qalatasaray” başqanı Ünal Aysalla görüşmüşük. Müsbət görüş oldu. “Qalatasaray”la müqavilə bağlamaq şansı çox yüksəkdir. Bu həftə müqavilə bağlaya bilər. Başqan istirahətini yarımçıq saxlayaraq, bu görüş üçün İstanbula gəldi. Almeydanı bəyəndiyini, onu komandada görmək istədiyini bildirdi. Amma dedi ki, son sözü baş məşqçi verəcək. İndi biz xəbər gözləyirik. Prandelli məsələsində ciddi problem yaşanacağını düşünmürəm”.