"İnter"in urvatsız yubileyi
26.09.2014 - 08:28
"İnter"in urvatsız yubileyi

Ötən gün “İnter” Peşəkar İdman Klubu 10 illik yubileyini qeyd etdi. Apasport.az saytının xəbərinə görə, “Hilton” otelində baş tutan tədbirdə klub nümayəndələri ilə yanaşı, futbol ictimaiyyətinin üzvləri də iştirak edirdi.

 

Əslində, yubiley gecəsinin “İnter” kimi aparıcı klublardan birinə yaraşmadığını desək, bəlkə də yanılmarıq. Çünki mərasimin necə başlayıb, necə bitdiyi anlaşılmadığı kimi, digər klublarımızın da bu yubileyə bir o qədər maraq göstərməməyi arzuolunmaz hal idi. 
 

Öncə qonaqları salamlamaq üçün kürsüyə “İnter”in prezidenti Georgi Nikolov dəvət olundu. Məclis iştirakçılarını Azərbaycan dilində salamlayan bolqarıstanlı funksioner klubun tarixindən, zəfərlərindən və ölkə futboluna xidmətindən bəhs etdi. Onun ardınca səhnəyə dəvət olunan AFFA-nın baş katibi Elxan Məmmədov isə kluba gələcək fəaliyyətində uğurlar arzulayıb, xeyir-dua verdi.

 

Ardınca mükafatlandırma mərasimi oldu və Elxan Məmmədov, Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev, eləcə də “İnter”in bu günə gəlməsində, uğurlarında əməyi olan klub nümayəndələrinə hədiyyələr təqdim olundu.

 

Mükafatlandırma bitdikdən sonra isə zal həzin caz musiqisinin sədaları altında yavaş-yavaş boşalmağa başladı. Futbolçular və mükafatını alıb, öz yerinə çəkilən baş məşqçi Kaxaber Sxadadze elə hamıdan öncə zalı tərk edənlərdən oldu. Mərasimdə sona qədər görünən Nikolov və onun ətrafındakı bir neçə klub nümayəndəsi oldu. Bom-boş görünən zalda musiqiçilər, can dərdi də olsa, ifa etdilər, klub prezidenti "sağ ol" dedi.

 

Beləcə, “İnterin” şəninə yaraşmayan yubiley gecəsi başa çatdı. Bəlkə də, rəhbərlik də bu mənzərə qarşısında təəccübləndi. Amma əminəm ki, oradakı əksər insanların fikrində “belə olmamalıydı” cümləsi dolaşırdı.