Vakuuma düşən komanda
08.05.2014 - 16:00
Vakuuma düşən komanda

Topaz Premyer Liqasının XXXIV turundan sonra 2 komanda üçün mövsümü başa çatmış saymaq olar. Apasport.az saytının məlumatına görə, qarşıdakı oyunlar “Qarabağ” və AZAL-ın mövqeyi baxımından əhəmiyyət kəsb etməyəcək.

 

Qurban Qurbanovun yetirmələri “İnter” üzərində 4:1 hesablı qələbə ilə çempion titulunu qazanıblar. Tərlan Əhmədovun komandası isə “Neftçi” ilə heç-heçə (0:0) sayəsində “vakuum”a düşüb.

 

Belə ki, 8-ci olan AZAL son matçlarda nə yuxarı qalxacaq, nə də aşağı düşəcək. Çünki son turdan sonra “Sumqayıt”ın bakılılara çatmaq şansları itdi. “Xəzər Lənkəran”a 1:4 hesabı ilə uduzan sonuncular “Rəvan”la 9-10-cu yerlər üçün vuruşacaq.

 

“Rəvan”ın 1:0 hesabı ilə məğlub etdiyi “Simurq” isə 5-ci yerə olan nəzəri ümidləri itirib. Bununla, zaqatalalılar son iki turda “Xəzər Lənkəran”la 6-7-ci yerlər üçün mübarizə aparacaq.

 

Turnir cədvəlinin 2-5-ci yerlərində qərarlaşan “İnter”, “Qəbələ”, “Neftçi” və “Bakı” üçün də tur bəzi mətləblərə aydınlıq gətirib.  “Bankirlər” uduzsa da, “Neftçi”nin xal itirməsi sayəsində ilk “üçlük”də yerini təmin ediblər. Bu isə onların 2-3-cü yerlərdən birini tutması deməkdir.

 

“İnter”i 2-ci pillədən isə yalnız “Qəbələ” devirə bilər. Yuri Syominin komandası “Bakı”nı 3:1 udduqdan sonra rəqibi üçün əlçatmaz olub. Bu da o deməkdir ki, əyalət klubu ilk “dördlük”də, yəni 2-4-cü yerlərdə qərarlaşacaq. 4-cü pilləyə enən “Neftçi” isə rəsmən gümüş medal şansını da itirib. “Ağ-qaralar” son iki turda 3-5-ci yerlərdən hansını tutacağını biləcək.

 

Hələlik bu 4 komanda arasında sonuncu olan “Bakı” bürünc arzusu ilə vidalaşıb. İndi paytaxtın eyniadlı təmsilçisi 4-5-ci yerlərdən hansını tutacağına aydınlıq gətirməlidir.