“Mançester Yunayted”in hücumçusu Robin van Persi optimal oyun formasına düşənə qədər meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Lui van Qal bildirib.
Van Persi van Qalın başçılıq etdiyi Hollandiya millisinin tərkibində dünya çempionatında bürünc medal qazanıb. Bundan sonra futbolçu məzuniyyətə çıxıb. “MY” avqustun 12-də “Valensiya” ilə yoldaşlıq oyunu keçirəcək, avqustun 16-da isə Premyer Liqanın ilk turunda “Suonsi” ilə görüşəcək.
Van Qal bildirib ki, Robin hər matçda oynamaq istəyir: “Amma komandanın digər 30 futbolçusu da oynamaq istəyindədir. Futbolçular məşq etməlidirlər. Robin də oyuna başlamamışdan öncə məşq etməlidir. O, məşqlərə bazar ertəsindən başlayacaq və “Valensiya” ilə matçda oynamayacaq. Çox güman ki, çempionatın əvvəlində də meydana çıxmayacaq. İnsanlar yəqin ki, məni tənqid edəcəklər. Amma mən 3 həftəlik məzuniyyəti olan oyunçuya nə lazım olduğunu bilirəm. Ümid edirəm ki, Robin tez bir zamanda formasına qayıdacaq. Hələlik isə oynamayacaq”.