Vaqif Cavadov: “Tvente” əvvəlki gücdə deyil - MÜSAHİBƏ
10.08.2014 - 23:00
Vaqif Cavadov: “Tvente” əvvəlki gücdə deyil - MÜSAHİBƏ

Azərbaycan yığmasının və Türkiyənin I dəstəsində mübarizə aparan “Qaziantep BB” klubunun futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb və vaxtilə formasını geyindiniz “Qarabağ”la Hollandiyanın “Tvente” klubları yenidən üz-üzə gələcəklər. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bir tərəfdən yaxşı rəqib düşdü, digər tərəfdən isə daha asan komanda düşə bilərdi. Hər iki komanda mənim üçün doğmadı. Amma “Qarabağ”ın ürəyimdəki yeri başqadı. “Tvente” ilə də çempion olmuşam. Məncə, bu dəfə Azərbaycan klubunun şansı var və qələbə qazana bilər. Çünki “Tvente” əvvəlki gücdə deyil. Bir çox aparıcı futbolçular komandanı tərk ediblər. Sadəcə, Hollandiya klubu olduğu üçün ehtiyatlı olmaq lazımdı. Rəqib Çempionlar Liqasının və Avroliqanın qrup mərhələsini görmüş klubdu. Neçə illərdi ölkə çempionatında mükafatçılar sırasına düşür. “Qarabağ”ın şansı var və ilk dəfə qrupa düşə bilər. Çünki heyətində Reynaldo, Almeyda kimi futbolçular var.

 

- “Tvente” əvvəlki gücdə olmasa belə, hər halda, yenə favorit sayılır...

- Mən onu demək istəyirəm ki, əvvəlki ilə müqayisədə indi onlara qarşı oynamaq daha asandı. Heyətində 2009-cu ildə “Qarabağ”a qarşı oynayan futbolçulardan heç kim qalmayıb. Rəqibin adı onun favorit sayılmasına şərait yaradır. Hələ o vaxtkı qarşılaşmalarda biz onlara qarşı layiqli mübarizə aparmışdıq. Müəyyən səhvlər ucbatından keçə bilməmişdik. Düşünürəm ki, bu dəfə bunu bacararıq. Əgər komandamızın heyətində itkilər və zədələr olmasa, qrup mərhələsinə vəsiqə qazana bilərik.

 

- “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəldiyi “Zalsburq”la “Tvente”ni müqayisə etsək, hansı daha güclüdü?

- Bu komandalar ayrı-ayrı oyun üslublarına malikdirlər. Düşünürəm ki, “Qarabağ” “Zalsburq”la oyunlarda bəxtsizliklə üzləşdi. Reynaldo və Telinin qırmızı vərəqələri, zədələr olmasaydı, nəticə qazanmaq mümkün idi. Yenə deyirəm ki, komandamızın heyətində belə problemlər olmasa, qrupa düşə bilərik. Hollandiya və Avstriya çempionatları başqa turnirlərdi. Hər liqanın özünəməxsus xüsusiyyəti var. Ona görə də bu komandaları müqayisə etməyə dəyməz.

 

- “Tvente”nin heyətində tanıdığınız futbolçu var?

- Var, amma heyətlərində olan ən yaxşı futbolçular isə daha güclü komandalara gediblər. 2009-cu ildə onlara qarşı oyunlarda da bizi bəxtimiz gətirmədi. İndi futbolda güclü-zəif anlayışı yoxdu. Əgər “Qarabağ” pley-offa çıxıbsa, deməli, güclüdü. Heç bir komandadan qorxmaq lazım deyil. Düşünürəm ki, əlimizə fürsət düşüb və bundan istifadə edə bilərik. Hər iki komanda mənə doğma olsa da, “Qarabağ”ın qrupa düşməsini istəyirəm.

 

- Avqustun 20-də milli komandamız yoxlama görüşündə Özbəkistanla üz-üzə gələcək...

- Həmin qarşılaşmada bir çox futbolçular olmayacaq. Çünki həm “Qarabağ”, həm də “Neftçi” Avroliqada mübarizə aparır və onların bir gün sonra oyunları var. Bir çox əsas futbolçular olmayacağı üçün gənclərə yol açılıb. Onlar özlərini daha yaxşı tərəfdən göstərə bilərlər. Özbəkistana qarşı Bakıda oynayacağıq və qalib gəlmək istəyirik. Təbii ki, bu yoldaşlıq görüşləri hamısı Bolqarıstanla oyuna hazırlıq olacaq. Əsas məqsədimiz də məhz AVRO-2016-nın seçmə mərhələsinə uğurlu start verməkdi.

 

- Yığmamızın digər yoxlama görüşü isə sentyabrın 3-də səfərdə Rusiyaya qarşı olacaq. Bolqarıstanla oyun öncəsi belə güclü rəqiblə oynamaq sizin üçün çətin olmayacaq?

- Biz futbolçuların işi milli komandanın şərəfini qorumaq və öz oyunumuzu oynamaqdı. AFFA rəhbərliyi və baş məşqçimiz belə məsləhət bilibsə, biz də çıxıb futbol oynamalıyıq. Rusiya ilə oyuna da ciddi hazırlaşmalıyıq. Özbəkistan və Rusiya ilə oyunlara o qədər də önəm vermək lazım deyil. Yenə də deyirəm ki, əsas məqsədimiz Bolqarıstana qarşı yaxşı oynamaqdı. Onlarla qarşılaşmada 3 xal qazanmalıyıq.  

 

Elsevər MƏMMƏDOV