“Nyu-York Siti”nin oyunçusu David Vilya Braziliyada keçiriləcək dünya çempionatından sonra bir daha İspaniya millisinin formasını geyməyəcəyini bildirib. Apasport.az saytının məlumatına görə, hücumçu iyunun 2-də azad agent qismində “Nyu-York Siti” ilə 3 illik müqavilə imzalayıb.
Vilya “əlvida” deməyin onun üçün çətin olduğunu vurğulayıb: “Amma artıq hər şey aydındır. Qarşıdan gələn dünya çempionatı mənim millinin tərkibindəki son turnirim olacaq”.
Vilya 2008-ci il Avropa çempionu, 2010-cu ilin dünya çempionudur. O, hələlik İspaniya millisinin bütün tarixi ərzində ən yaxşı bombardiridir. Vilya sonuncu klubu “Atletiko Madrid”lə İspaniya çempionu olub və Çempionlar Liqasının finalında oynayıb. Buna qədər “Barselona”, “Valensiya”, “Saraqosa” və “Spotinq”in heyətində çıxış edib.