Vlad Qoyan: “İnter”lə oyunda qol buraxmamalıyıq
02.07.2014 - 15:26
Vlad Qoyan: “İnter”lə oyunda qol buraxmamalıyıq

Avropa Liqasının I təsnifat mərhələsinin “İnter” ilə oyunu ərəfəsində Moldovada “Tiraspol” klubunun baş məşqçisi Vlad Qoyanın iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, mütəxəssis sabah keçiriləcək matç haqda fikirlərini açıqlayıb.

 

- “İnter” haqda nə düşünürsünüz?

- Səviyyəli futbolçulara malik, yaxşı komandadı. Onlar müdafiəni yaxşı təşkil edirlər. Topu ələ keçirəndən sonra isə sürətlə hücuma çıxırlar. Lazım olanda topa nəzarət etməyi bacarırlar. Biz ilk növbədə qol buraxmamaq və hücumdakı şanslardan yararlanmağa çalışmalıyıq. Ümid edirəm ki, matça gələn azarkeşlər ilk dəqiqədən sonadək bizi dəstəkləyəcək. Onlar bizə müsbət nəticə qazanmaqda kömək edə bilərlər.

 

- Üstünlüyə yiyələnib, oyuna nəzarəti ələ ala biləcəksiniz?

- Biz oyuna nəzarət etməyə həmişə çalışırıq. Aydın məsələdi ki, öz cərimə meydanımızın yaxınlığında müdafiə olunacağımız anlar da olacaq. Onların bütün oyunu müdafiədən qurub-qurmayacağını bilmirəm. Düzdür, “İnter” yaxşı müdafiə olunmağı bacarır. Lakin topla da yaxşı rəftar edir. Düşünürəm ki, bəzən sürətli hücum olacaq, sonra qısa fasilələr yaranacaq.

 

- Yəqin ki, səfərdəki cavab oyunu üçün mümkün qədər sərfəli nəticə qazanmağa çalışacaqsınız?

- Başa düşün ki, fiziki cəhətdən 100 faiz hazır deyilik. Psixoloji, texniki, taktiki cəhətlərdən tam hazırıq. Qarşılaşmanın əvvəlindən irəli atılsaq, iki hissə bu tempdə oynamağı çatdırmarıq. Əlbəttə, daha yaxşı nəticə qazanmalıyıq. Amma ilk növbədə qol buraxmamalı və şanslarımızdan yararlanmalıyıq. Ötən mövsümkü tarixin təkrarlanmasını istəmirəm. Onda evdə qol buraxdığımızdan səfərdə böyük qüvvə ilə irəli atılmalı olduq. Nəticədə rəqib çox sayda təhlükəli epizodlar əldə etdi. Müdafiədə daha mütəşəkkil oynamalıyıq.


- Yeni transferlər Avropa Liqasına hesablanıb? Onların hamısına güvənəcəksiniz?
- Bəli. Bizim 1 ay vaxtımız var idi. Gələn futbolçular komandanı gücləndirib. Düşünürəm ki, ötənilkindən daha güclü olmuşuq. Heyətimizdə qalanlar da öz səviyyələrini artırıblar.


- “Tiraspol” “İnter”i keçsə, növbəti mərhələdə əvvəl qarşılaşdığınız “Elfsborq”la qarşılaşacaqsınız. Bu haqda düşünürsüz, yoxsa ancaq qarşıdakı matçlara köklənmisiz?

- İlk növbədə 1-ci oyunu düşünürəm. Sonra isə Bakıdakı oyunu fikirləşəcəm. İstənilən halda, mən “İskra-Stal”ı çalışdıranda fərqli “Elfsborq” var idi. İsveç təmsilçisi də həmin vaxtdan xeyli dəyişib.


- “İnter” son illərdə çox dəyişib?

- Mən bu komandanın 7-8 oyununu izləmişəm. Sonra futbolçulara rəqibə qarşı necə oynamağı izah etmişəm. Rəqib haqda kifayət qədər məlumatımız olub. Yəqin ki, onların da bizim haqda.