Yarımfinalda ilk dəfə
15.04.2014 - 13:31
Yarımfinalda ilk dəfə

Azərbaycan kubokunun yarımfinalında yalnız 1 azərbaycanlı baş məşqçi olacaq. Apasport.az saytının məlumatına görə, yarışın 22 illik tarixində 2-ci dəfə 4 ən güclü komandadan 3-də əcnəbi, 1-də yerli mütəxəssis çalışır.

 

Belə ki, “Neftçi”nin “sükanı arxası”nda olan Böyükağa Hacıyev legioner “üçbucağ”ı ilə mübarizə aparacaq. Bu mərhələyə yüksələn “Xəzər Lənkəran” və “Rəvan” türkiyəli məşqçilər, müvafiq olaraq Mustafa Dənizli və Güvənc Kurtara, “Qəbələ” isə rusiyalı Yuri Syominə güvənir.

 

İndiyədək yalnız 1 dəfə belə hala təsadüf olunmuşdu. 2010/11 mövsümündə Nazim Süleymanov (AZAL) 3 əcnəbi ilə mübarizəni elə yarımfinalda dayandırmışdı. Kaxaber Sxadadze (“İnter”) və Mirça Rednikin (“Xəzər Lənkəran”) finalı ilə yadda qalan mövsümdə Aleksandr Starkov (“Bakı”) da ilk “dördlük”də qərarlaşmışdı.

 

Azərbaycan kubokunda yarımfinala çıxan ilk əcnəbi isə 2004/05 mövsümündə olub. Həmin vaxt Rasim Kara “Xəzər Lənkəran”, Anatoli Konkov “İnter”lə bu mərhələyədək irəliləyib. Sonuncu öz aralarındakı dueldə də qalib gəldikdən sonra final həyəcanı da yaşamışdı. Həmin ildən başlayaraq ardıcıl 10-cu yarımfinal əcnəbisiz keçmir.

 

Onların ikisində 3, ikisində 1 (2005/06, 2011/12) legioner finalın astanasınadək gəlib. Digər 6 halda isə yarımfinalda bərabərlik olub: 2 yerli və 2 əcnəbi. Hər tərəfin 2 dəfə çoxluq təşkil etdiyini də nəzərə alsaq, son 10 ildə həm yerli, həm legionerlərin ümumilikdə eyni sayda – 20 yarımfinalı var.

 

Bu dəfəki yarımfinal iki ilklə də əlamətdardır. Birincisi, Syomin Azərbaycan kubokunda bu mərhələdə komandaya rəhbərlik edəcək ilk rusiyalı olacaq. İkincisi isə ilk dəfə yarımfinalda iki türkiyəlinin komandası oynayacaq. Onlar bir-biri ilə qarşılaşmadığından ilk türkiyəlilərin finalının mümkünlüyü də istisna deyil.

 

Qeyd edək ki, gəlmələr arasında yarımfinalın rekordçuları “İnter”lə hərəyə 3 dəfə irəliləyən Valentin Xodukinlə Kaxaber Sxadadzedir.