Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun son cədvəlində cüzi dəyişikliklər olub.
Paraqvay millisi 3 pillə irəliləyərək ilk “10-luğ”a daxil olub. Kolumbiya isə eyni qədər geriləyib.
Azərbaycan millisi hesabat dövründə iki oyun keçirsə də, komandamızın xal hesabı dəyişməz qalıb. Belə ki, Türkmənistan üzərində böyükhesablı qələbələr (5:0, 6:2) yığmamıza təsir etməyib.
Hazırda komandamızın hesabında 1354 xal var. Faustino Peresin yetirmələri bu göstərici ilə siyahının 14-cü pilləsində qalıb.
Siyahıya yenə İspaniya başçılıq edir – 1922 xal. 10 xal itirən Braziliya 1900 xalla 2-ci, Rusiya 1746 xalla 3-cüdü.
AVRO-2016-nın pley-off mərhələsində yığmamızın rəqibi olan Slovakiya 1 pillə irəliləyib. Rəqibimiz hazırda 1219 xalla 23-cüdü.
DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən Xorvatiya və Belarus isə mövqeyini qoruyub. Balkanlılar 1340 xalla dünyanın 15-ci komandasıdı. Hazırda Bakıda toplanışda olan və yığmamızla yoxlama oyunları keçirəcək belaruslular isə 1230 xalla 22-ci pillədə yer alıb.
Dünyanın ən güclü 20 millisi
1. İspaniya - 1922
2. Braziliya - 1900
3. Rusiya – 1746
4. İtaliya - 1721
5. Argentina – 1620
6. İran - 1611
7. Portuqaliya - 1596
8. Ukrayna – 1494
9. Paraqvay - 1433
10. Çexiya - 1412
11. Yaponiya – 1403
12. Kolumbiya - 1403
13. Sloveniya – 1360
14. AZƏRBAYCAN – 1354
15. Xorvatiya - 1340
16. Rumıniya - 1335
17. Serbiya - 1318
18. Tailand - 1295
19. Özbəkistan - 1272
20. Qazaxıstan - 1260