Yığmamızın rekordu antirekorda qarışdı
30.06.2014 - 12:05
Yığmamızın rekordu antirekorda qarışdı

Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident kuboku” turnirində çıxışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son oyun günündə rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Qırğızıstanı darmadağın (5:0) edən millimiz təmsilçilərimizin 2008-ci ildən keçirilən yarışda ən böyük hesablı qələbəsini qazanıb.

 

Bunadək isə rekord 2010-cu ildə Qazaxıstanda ölkəmizi təmsil edən “Bakı”ya məxsus idi. Həmin vaxt bakılılar Çinin SUAR klubunu 4 cavabsız qolla məğlub etmişdi. Lakin paytaxt təmsilçisi həm də 0:10 hesablı məğlubiyyətlə antirekordumuzun da müəllifidir.

 

Ən böyük hesablı qələbəni qazanan yığmamız isə rekorddan başqa, antirekordla da diqqət çəkib. Belə ki, komandamızın tutduğu 5-ci yer millimizin Astanadakı ən zəif nəticəsidir. 2011-ci ildə 1-ci, 2012 və 2013-cü illərdə 4-cü olan futbolçularımız heç vaxt belə aşağı yuvarlanmamışdı.

 

Qeyd edək ki, yarışa 2009 və 2010-cu illərdə klubla qatılmışdıq. Əvvəl “Akademiya”, sonra isə “Bakı” daha pis nəticə göstərmişdi – hər ikisi 7-ci yer. Yığmamız isə özünün ən zəif göstəricisinə bu il imza atıb.