“AVRO-2016-nın final mərhələsinə yüksəlmək üçün yaxşı şanslarımız var. 4 oyundan 9 xal toplamışıq ki, bu göstərici ilə liderlərin arxasında qərarlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Tarik Elyunussi deyib.
Almaniya “Hoffenhaym”ında çıxış edən yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsindəki şansları dəyərləndirib. Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan skandinaviyalıların orta sahə oyunçusu ilk iki pillədən birinə iddialı olduqlarını qeyd edib: “İtaliya ilə Xorvatiyadan cəmi 1 xal geridəyik. Əvəzində Bolqarıstan, Azərbaycan və Maltanı qabaqlayırıq. Komandamız qrup 3-cüsü kimi də Fransaya vəsiqə əldə edə bilər. Amma biz İtaliya və ya Xorvatiyadan birini arxada qoymaq, ilk iki pillədən birində qərarlaşmaq istəyirik. Avropada ən gənc yığmalardan biri bizim komandadır. Martin Edeqoru saymasaq, orta yaş göstəricimiz 23-ə bərabərdi. Onun isə cəmi 16 yaşı var”.
Qeyd edək ki, Norveç yığması 2014-cü il noyabrın 16-da millimizlə Bakıda keçirilən oyunda 1:0 hesabı ilə qalib gəlib.