Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Fransa ilə 1/4 final qarşılaşması barədə planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi türk əsilli futbolçu Məsut Özillə bağlı xoş sözlər söyləyib.
Löv “Die Zeit” qəzetinə açıqlamasında bəzi planlarının olduğunu vurğulayıb: “Filipp Lamı orta sahədə oynatmaqda davam edəcəyəm. Bu taktikanı davam etdirirəm. Sadəcə, oyunun gedişatından asılı olaraq, onu meydanın sağına da keçirə bilərəm. Komandada fərqli mövqelərdə oynaya bilən çox oyunçumuz var. Buna görə də, oynadılan və oynadılmayan futbolçular arasında seçim etməyim normaldır”.
54 yaşlı mütəxəssis son vaxtlar oyunu ilə bağlı tənqid edilən Məsut Özili də tərifləyib: “Lamın tənqid edildiyi kimi, Məsut da tənqid edilir. 2010-cu il turnirinin ən yaxşılarından biri idi. 2012-ci ildə də elə idi. Bunu unuda bilmərəm. Oyunçularıma sona qədər güvənirəm. Özil son oyunda ona güvənməkdə haqlı olduğumu nümayiş etdirdi”.