Dünya çempionatında ciddi zədələnən braziliyalı futbolçu Neymar onu dəstəkləyənlərə təşəkkür edib. Apasport.az saytının məlumatına görə, artıq mundialda iştirak etməyəcək hücumçu azarkeşlərə altıncı çempionluq vəd edib.
“Braziliya, millimiz, məşqçilərimiz, futbolçularımız və azarkeşlərimiz. Mənim başımda, ürəyimdə baş verənləri ifadə etmək üçün söz tapmaq çətindir. Çox çətin anlardır. Mən bacardıqca tez geri dönməyə çalışacağam. Bu anı gözləyirəm. Məni dəstəkləyənlərin hamısına təşəkkür etmək istəyirəm. Onu da demək istəyirəm ki, heç nə bitməyib. Dünya çempionatı davam edir. Mənim yoldaşlarım dünya çempionu olmaq arzumu həyata keçirmək üçün bütün imkanlardan istifadə edəcəklər. Mən mundialın finalında oynamaq istəyirdim. Artıq bu, mümkün deyil. Amma mən əminəm ki, dünya çempionu olacağıq. Biz birik. Hamımız bir yerdə qələbəni bayram edəcəyik. Mən bunu demək istəyirdim. Çox sağ olun” - deyə, Neymar braziliyalılara müraciət edib.