Yay “transfer pəncərəsi”nin ən bic, ən başgicəlləndirən və ən dramatik keçidi dünən baş tutdu. İspaniya nəhəngi "Barselona" 41 milyon avro + 1 milyon bonuslarla "Bordo"nun braziliyalı yarımmüdafiəçisi Malkomu heyətinə qatdı.
Bu, adi keçid kimi görünə bilər. Çünki "Barsa"da oynamaq çox futbolçunun arzusudu. Lakin məsələ ondadı ki, bazar ertəsi "sambaçı" Romaya uçmalı idi. Həftənin ilk gününün səhər saatlarında həm "Roma", həm də "Bordo" keçidin baş tutduğu, tərəflərin razılığa gəldiyi barədə rəsmi açıqlama yaymışdı. Amma bir neçə saat ərzində vəziyyət 180 dərəcə dəyişdi, vektor Apennindən Pireneyı doğru istiqamət aldı. Bu necə baş verdi?
Sualı "Roma"nın idman direktoru Monçi belə cavablandırıb: "Malkomla baş verənləri izah etmək asandı, anlamaq isə çox çətin. Biz "Bordo" və futbolçunun agenti ilə 1 həftə öncə danışıqlara başlamışdıq. 3-4 gün ağır işdən, çox çətin danışıqlardan sonra həm klub, həm agent, həm də futbolçunun özü ilə razılığa gəldik. Rəsmi açıqlamalar da oldu. Sonrasını isə anlaya bilmədim".
Bazar ertəsi, 17:00. "Bordo" və "Roma" Malkomun transferinin razılaşdırıldığı barədə məlumat yayır. Qeyri rəsmi məlumatlara görə, "canavarlar" qarşı tərəfə 32 milyon avro nağd, üstəlik 4 milyonu isə bonus formasında ödəməliydi. Monçi davam edir: "Axşam saat 9-da Malkom Romaya uçmalı idi. Birdən, razılığımızdan yarım saat sonra mənə "Bordo"nun prezidenti Stefan Martin zəng etdi. O, belə dedi: "keçid ətrafında xeyli söz-söhbət gəzir. Gəl, biz rəsmi açıqlamanı indi yayaq".
Ona bildirdim ki, hazırda heç də yaxşı zaman deyil. Çünki bizim aksiyalarımız birjadadı, müəyyən olunmuş qaydalara riayət etməliyik. O, mənə qulaq asmadı, Malkomun bizə satıldığı barədə rəsmi açıqlama verdilər. Ardınca biz də məcburi formada həmin açıqlamanı təsdiqlədik".
Bazar ertəsi, 18:00-19:00. “Barselona” “Çelsi”dən Villianı transfer edə bilmədiyindən, bütün diqqətini Malkoma yönəltmişdi. Bu barədə səs-soraq “Roma” rəhbərliyinə elə bazar ertəsi, futbolçu ilə razılıqdan sonra çatır. Monçi məsələni belə izah edib: “Bordo” rəsmilərindən biri mənə zəng edib dedi ki, Malkomun Romaya uçuşu təxirə salınıb. Mən sadəcə, şokda idim. Dərhal “Bordo”nun prezidentinə zəng etdim. Mənə dedi ki, “Barselona”dan daha yaxşı təklif gəlib, futbolçunu onlara satırıq. Əgər siz daha çox pul versəz, biz Malkomu sizə satarıq. Ona cavab verdim ki, axı biz razılaşmışdıq. O isə bizim aramızda heç bir imzalı sənədin olmadığını söylədi. Bu barədə bizim prezidentə məlumat verdim. O, mənə daha irəli getməyi, “Barselona”nın təklifini üstələməyi tapşırdı. Mən bununla razılaşmasam da, məni təkid etdi”.
Bazar ertəsi, 23:00. “Roma” fanatları aeroporta gəlir. Amma KİV-də xəbərlər yayılır ki, Malkom Romaya gəlməyəcək. Klub isə çərşənbə axşamı keçidin baş tutacağına inanır. Monçi yeni təklif barədə “Bordo” prezidenti ilə danışdığını söyləyir: “Mən yenidən “Bordo” prezidentinə zəng etdim. Bildirdim ki, biz “Barselona”dan daha çox pul vermək istəyirik. Onlar bildirdilər ki, rəsmi sənədi göndərmək lazımdı, imzalasınlar. 23:00-da biz həmin sənədi göndərdik. Onlardan cavab gəldi ki, hər şey yaxşı olsa, biz sənədləşməni edib, çərşənbə axşamı Malkomun yenidən Romaya uçuşunu bərpa edə bilərik”.
Çərşənbə axşamı, 08:00. Monçi Malkomun agentinə zəng edir. O isə bildirir ki, saat 12:00-da “Bordo” prezidenti, həm də futbolçu ilə görüşəcək. Gözlənilirdi ki, artıq vəziyyət “Roma”nın xeyrinə dəyişib, keçid baş tutacaq.
Çərşənbə axşamı, 14:00. Agent Monçiyə zəng edir və “Bordo”nun daha çox məbləğ tələb etdiyini deyir. Hətta “Barselona”nın təklifindən də çox. Monçi durumu belə izah edir: “Onların görüşündən sonra yenə şoka düşdüm. Karyeramda heç vaxt bu cür duruma düşməmişdim. Onlar bizdən yenilənmiş və daha çox büdcəli təklif istəyirdilər. Çünki “Barselona” da digər tərəfdən təklifin dəyərini qaldırırdı. Mən son dəfə “Bordo” prezidenti ilə danışanda söylədim ki, biz artıq geri çəkilirik. Onlar futbolçunu auksiona qoyub, onu dəyərdən saldılar”.
Nəhayət, çərşənbə axşamı, 16:00. Malkom Barselonaya uçur, katalonlarla 5 illik müqavilə bağlayır. Braziliyalının sərbəstqalma qiyməti isə 400 milyon avro oldu. İndi “Roma” bir məsələ üzərində düşünür – “Barselona”nı hava limanından oğurladığı futbolçuya görə məhkəməyə versinmi? Həm də “Bordo”nu. Çünki onlar da keçid barədə rəsmi açıqlama vermişdilər.
Şəfi ŞƏFİYEV