26 Dekabr 16:59 “Onlara hər cür şərait yaradılacaq” – Rövnəq Abdullayev
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 26 Dekabr 16:59
2765 baxış

“Onlara hər cür şərait yaradılacaq” – Rövnəq Abdullayev

Bakı İdman Sarayında kişi, qadın və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə ilk olaraq  iştirakçı komandalar meydana dəvət olunublar.

 

Ardınca gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev çıxış edərək ölkəmizdə idmanın və Olimpiya Hərəkatının sürətli inkişafından, paytaxt və bölgələrimizdə müasir olimpiya idman komplekslərinin tikilməsindən söhbət açıblar. Natiqlər idmançılarımıza yüksək səviyyədə dövlət qayğısının göstərilməsindən və bunun sayəsində atletlərimizin, xüsusilə də cüdoçularımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan bəhs ediblər. Çıxışçılar tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik ediblər və idmançılara çempionatda uğurlar diləyiblər.

 

Sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxış edərək cüdoçularımızın 2017-ci il ərzində qazandıqları möhtəşəm qələbələrdən söhbət açıb. O, idmançılara ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etdiklərinə görə dərin təşəkkürünü çatdırıb və növbəti ildə bu uğurların davamını gətirmələri üçün onlara hər cür şəraitin yaradılacağını bildirib. Abdullayev çıxışının sonunda çempionatı açıq elan edib və hər bir cüdoçuya qələbə arzulayıb.

 

Azərbaycan respublikasının dövlət himni səsləndirildikdən sonra, 2018-ci ildə ölkəmizdə təşkil olunacaq cüdo üzrə dünya çempionatının rəsmi loqosunu əks etdirən videoçarx nümayiş olunub.

 

Rəsmi hissə başa çatdıqdan sonra açılış mərasiminə tanınmış incəsənət ustalarının iştirakı ilə  keçirilən bədii hissə ilə yekun vurulub. 

Xəbər lenti