[b]“Bu, “Qarabağ”ın müqavimətini artırdı” - Saul[/b]
19.10.2017 - 13:16
[b]“Bu, “Qarabağ”ın müqavimətini artırdı” - Saul[/b]

“Qarabağ” oyunda hər şeyi düzgün etdi. Biz isə əlimizə düşən şanslardan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun yarımmüdafiəçisi Saul Niges deyib.

 

Madrid təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində dünən “Qarabağ”la Bakıda qolsuz bərabərə qalıb.

 

Saul İspaniya mətbuatına açıqlamasında zəif çıxış etmələrini bu sözlərlə əsaslandırıb: “Oyuna qələbə arzusu ilə başladıq. Rəqib üzərində təzyiq edərək, qalib gəlmək istədik. Məncə, bunda bir az tələsdik. Birinci hissənin sonlarında daha yaxşı çıxış etməyə başladıq. Ancaq ümumilikdə yaxşı oynadığımızı deyə bilmərəm. Bununla belə, bizim əla komandamız var. Qrup mərhələsi bitənə qədər əlimizdən gələni edəcəyik. Qalan 3 matçın hamısında qalib gəlmək öz əlimizdədi”.

 

İspaniya millisinin üzvü ilk 3 turdan sonra cəmi 2 xal toplamalarına baxmayaraq, hələ də qrupdan çıxacaqlarına inanır: “İlk dəqiqələrdə qol vura bilmədiyimiz üçün rəqibin müqaviməti artdı. Dəqiqələr keçdikcə tələsməyə başladıq və oyunumuz istədiyimiz kimi alınmadı. Bundan sonrakı qarşılaşmalarda daha ürəklə oynamaq məcburiyyətindəyik. Bilirik ki, qrupdan çıxmaq çox çətin olacaq. Ancaq biz bunu bacaracaq gücdəyik. Hazırda ən böyük problemimiz rəqibin qapısı qarşısında təmkinli oynamamağımızdı. Bu da qol yollarında problemə səbəb olur”.

 

Antuan Qrizmanın istənilən səviyyədə oynamaması ilə bağlı sualı da cavablandıran gənc oyunçu xal itkisini kiminsə üzərinə atmağın doğru olmadığını söyləyib: “Hansısa futbolçu 100 faiz hazır olmadıqda bunun komandaya da təsiri olur. Ancaq Qrizman istənilən vəziyyətdə bizə qələbə qazandıracaq qola imza atmaq bacarığına malikdi. Sadəcə, bu dəfə komanda şəklində istənilən səviyyədə deyildik”.

0