[b]“Qəbələ”, “Neftçi” və “Keşlə”nin potensial rəqibləri bilindi[/b]
18.06.2018 - 22:57
[b]“Qəbələ”, “Neftçi” və “Keşlə”nin potensial rəqibləri bilindi[/b]

Avropa Liqasında çıxış edəcək klublarımızın potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA I təsnifat mərhələsindəki klubları qruplara bölüb.

Azərbaycanı bu turnirdə təmsil edəcək “Qəbələ”, “Neftçi” və “Keşlə” səpələnmişlərin sırasında qərarlaşacaq.

Topaz Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ”nin 5 potensial rəqibi “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda”dı (Slovakiya).

Bürünc medalçı “Neftçi”yə bu mərhələdə “Buduçnost” ( Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və ya “Rasinq Yunion” (Lüksemburq) rəqib olacaq.

Azərbaycan kubokunun qalibi “Keşlə”nin bəxtinə isə “Milsami” (Moldova), “Rudar” (Monteneqro), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan”dan (Malta) biri düşəcək.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.

0