[b]Tarixdə 2-ci dəfə: Bakıda qələbəyə həsrət kubok sahibləri[/b]
17.05.2018 - 10:56
[b]Tarixdə 2-ci dəfə: Bakıda qələbəyə həsrət kubok sahibləri[/b]

Avropa Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, turnirin qalibi adına İspaniyanın “Atıetiko” klubu yiyələnib.

 

Bu komanda başa çatmaqda olan mövsümdə Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”la da qarşılaşıb. Qrupda keçirilən hər iki oyun heç-heçə başa çatıb. Bakıda qolsuz heç-heçə edən rəqiblər Madriddə hərəyə 1 qol vurub.

 

Bu, tarixdə ikinci belə hadisədi ki, mövsümün gedişində Azərbaycan klubu ilə qarşılaşan komanda sonda avrokubok sahibi olur. İlk belə hal 13 il öncə yaşanıb.

 

2004/05 mövsümündə Çempionlar Liqasında mübarizə aparan “Neftçi” Rusiya MOİK-i görüşüb. Təsnifat mərhələsinin Bakıda keçirilən görüşü 0:0 hesabı ilə başa çatıb.

 

Moskvada 2:0 hesabı ilə qalib gələn MOİK növbəti mərhələyə keçib. Lakin Rusiya klubu sonda yolunu UEFA kubokunda davam etdirməli olub. Bakıda qələbəyə həsrət qalan şimallılar tarixində ilk dəfə bu mükafata yiyələnməyi də bacarıb. Onlar finalda Portuqaliya “Sportinq”ini 3:1 hesabı ilə yenib.

 

Çempionlar Liqasının Bakıda keçirilən oyununda qolsuz heç-heçə edən MOİK və “Atletiko”nin qazandığı kuboklar arasında fərq ondan ibarətdi ki, 13 il öncə UEFA kuboku adlanan mükafat indi Avropa Liqası adlanır. İndi “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov həmin vaxt “Neftçi”nin şərəfini qoruyurdu və hətta Moskvadakı görüşdə əldə etdiyi qol imkanlarından yararlansaydı, nəticə də fərqli ola bilərdi. Onun kimi Rəşad Sadıqov, Zaur Tağızadə, Elçin Rəhmanov da hər iki heç-heçədə iştirak edib. Rəşad hər iki oyunda futbolçu kimi meydana çıxıbsa, Zaurla Elçin öncə futbolçu, sonra köməkçi məşqçi olub.

0