“Qarabağ”ı çempionluğa bir nömrəli namizəd saymaları bizə stimul verir” – MÜSAHİBƏ
26.01.2015 - 14:14
“Qarabağ”ı çempionluğa bir nömrəli namizəd saymaları bizə stimul verir” – MÜSAHİBƏ

“Neftçi”nin baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

 

- Komandanızın Antalya toplanışından tam razı qaldınızmı?

- Bəli, hazırlıqdan razı qaldım. Futbolçular istəkli idilər. Özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Əsas odu ki, zədələnmə halları olmadı.

 

- Toplanış müddətində 5 yoxlama oyunu keçirdiniz. Komandadakı çatışmazlıqları görmək mənasında, hansı görüş daha faydalı oldu?

- Biz oyunları proqram üzrə fikirləşmişdik. Bilirdik ki, fiziki yükləmələr olacaq. Buna görə də, rəqiblərin səviyyəsi oyundan-oyuna yüksəlməli idi. İstəyirdik ki, ilk rəqiblərimiz nisbətən ortabab komandalar olsunlar. Son 2 görüşdə isə daha səviyyəli komandalarla qarşılaşdıq. Xüsusilə son oyunu qeyd edərdim. Bilirsiz ki, “Petrolul” Rumıniyanın lider komandalarından biridi, ötən il ölkə kubokunu götürüb. Həqiqətən də, səviyyəli komandadı. Üstəlik, baş məşqçi postuna Mirça Redniki gətiriblər.

 

- Yeri gəlmişkən, Mirça Rednik “Xəzər Lənkəran”ın baş məşqçisi olduğu dönəmdə aranızda rəqabət var idi. Maraqlıdı, onunla köhnə günləri yada saldınızmı?

- Redniklə oyundan öncə də görüşdük, söhbət etdik. “Neftçi”yə qayıtdığıma görə məni təbrik edib, uğur arzuladı. Mən də öz növbəmdə, onu yeni təyinatı münasibəti ilə təbrik etdim. Hər ikimiz matçın gedişindən, sürətindən razı qaldıq və buna görə bir-birimizə təşəkkürümüzü bildirdik.

 

- Yeni transferlərinizdən Rauf Əliyev və Aqil Məmmədov Türkiyə toplanışında iştirak etdilər. Onların hazırlığı sizi qane etdimi?

- Bilirsiz ki, qış fasiləsində bizim hər 3 transferimiz yerli oyunçular oldular. Bu, “Neftçi” klubunun strategiyasıdı. Dediyiniz kimi, Rauf və Aqil bizimlə birlikdə Türkiyədə oldular. Özlərini yaxşı tərəfdən göstərdilər. Rauf komandaya hələ 100 faiz adaptasiya olmayıb. Amma zaman keçdikcə tam uyğunlaşacaq. Mən hər ikisindən razıyam və onlara güvənirəm.

 

- Rəhman Hacıyev barədə də fikirlərinizi bilmək istərdik...

- Rəhman məlum səbəbdən Türkiyə toplanışında iştirak edə bilmədi. Çoxdandı ki, oynamır. Düzdü, onunla əlaqə saxlayırdıq, məşqlərini davam etdirirdi. Ancaq oyunla məşq arasında fərq böyükdü. Rəhman komandaya indi qoşulub. Özü ilə söhbət etdim. Ola bilsin, oyun praktikasını artırmaq üçün əvəzedici heyətdə 1-2 oyunda iştirak etsin. Amma məşqlərini əsas komanda ilə birgə davam etdirəcək.

 

- “Neftçi” qış fasiləsindən sonra ilk oyununu AZAL-a qarşı keçirəcək. Sizdən fərqli olaraq, rəqib hazırlıq prosesini Antalyada yox, Bakıda keçib. Bu, qələbə şansınızı artırırmı?

- Bütün komandalar qış fasiləsində hazırlıq keçdilər. Düzdü, AZAL Antalyaya getmədi, amma burda da yoxlama oyunlarında qüvvəsini sınadı. Bizim hədəfimiz bəllidi. “Neftçi” daim yüksək yerlər uğrunda mübarizə aparır. Bu mənada, biz oyuna qələbə üçün çıxacağıq. “Qarabağ”la aramızdakı 8 xallıq fərqi azaltmaq istəyindəyik.

 

- Futbol ictimaiyyəti və əksər azarkeşlər çempionluğa bir nömrəli namizəd məhz “Qarabağ”ı sayır. Bu, sizdə qıcıq yaratmır ki?

- Əksinə, “Qarabağ”ı bir nömrəli namizəd saymaları bizə stimul verir. Məsuliyyətimiz böyükdü. Düzdü, aradakı xal fərqi az deyil. Ancaq biz qarşımıza məqsəd qoymuşuq ki, 8 xallıq fərqi aradan qaldıraq. Bunun üçün isə 3-cü dövrəyə uğurlu start vermək lazımdı.

 

Tengiz MƏMMƏDOV

0