[b]Pusiç gəldi-gedərdi...[/b]
04.03.2015 - 10:48
[b]Pusiç gəldi-gedərdi...[/b]

Anatoli Konkov, Valentin Xodukin, Kaxaber Sxadadze... Bu siyahıya Marino Pusiçin də adı əlavə olunacaq. Bəli, Sxadadzenin “İnter”i tərk etməsindən sonra “bankirlər”in “sükanı arxası”na məhz bosniyalı məşqçi keçəcək.

 

“İnter” rəhbərliyi Pusiçi öncə köməkçi-məşqçi təyin etmək qərarına gəlib ki, bununla işim yoxdu. Narazı olduğumuz məqamlar başqadı.

 

Paytaxt klubu 2004-cü ildə imicini dəyişəndən, büdcəsi artandan sonra bir qayda olaraq, əcnəbi məşqçilərə güvənir. Niyə? Biri çıxsın, səbəbini izah etsin. Klubun niyə məhz bu cür strategiya tutduğu mənə maraqlı gəlir. Konkov və Sxadadzenin məşqçilik bacarığına, taktiki savadına şübhə etmək ağılsızlıq olardı. Bəs Pusiçin “İnter”də nə işi var? Məşqçi kimi heç kimin tanımadığı bu adamın iddialı komandaya gətirilməsinə nə ad verək?

 

Təbii ki, klubun strategiyasına heç kim qarışa bilməz, öz işləridi. Amma “bankirlər”in yerli məşqçilərə qarşı olan “allergiya”sı mənə çatmır. Məgər Azərbaycanda məşqçi tapılmadı ki, Pusiçi baş məşqçi postuna gətirməyə qərar verdiz? Kaxanın yerini heç kimin tanımadığı bosniyalı tutacaqdısa, niyə özünüzə əziyyət verib, əcnəbi məşqçi axtarırdınız? Ondansa yerli mütəxəssisə güvənmək daha faydalı olmazdımı?

 

“İnter” 2004-cü ildən bəri stabil çıxış edən komandalardan biridi. Bunu heç kim inkar edə bilməz. Komanda ölkə çempionu, mükafatçısı olub, “Birlik Kuboku”nu da qazanıb. Ən azından, geridə qalan 11 il ərzində iddiasını qorumağı bacarıb. Amma “İnter” heç vaxt azərbaycanlı azarkeşlərə doğma komanda olmayıb və bu gedişlə olmayacaq da. Niyə? Çünki bu soyuqluğu paytaxt klubunun özü yaradıb. Legioner limiti tətbiq olunmayan vaxtlarda “İnter”in heyətini birmənalı şəkildə əcnəbilər “bəzəyirdi”. Aralarında bir yerli futbolçu tapa bilərdin ki, o da gözmuncuğu funksiyasını “daşıyırdı”. Limit tətbiq olunandan sonra da “İnter” daha çox legionerlərə güvənir. Əsas heyətdə maksimum 4 yerli oyunçu meydana çıxır. “İnter”in məşqçilər korpusundan fərqli olaraq, mən milliləşdirilmiş futbolçulara “yerli” gözü ilə baxmıram.

 

“İnter”in 11 il ərzində yetişdirdiyi normal yerli oyunçuları sayın. Maksimum bir əlin barmaqlarını qatlayacaqsız. 11 il 11 igidin ömrüdü. Bu müddətdə barmaqla sayılacaq qədər yerli futbolçu yetişdirmək fiaskodu. Razıyam, 2-3 klubumuzu çıxmaq şərtilə, digərlərində də bu sarıdan vəziyyət ürəkaçan deyil. Amma bu, “İnter” üçün bəhanə ola bilməz. Hərə özünə cavabdehdi.   

 

Məşqçi seçimində də “İnter” rəhbərliyi həmişə əcnəbiyə üstünlük verib. Xarici məşqçinin gətirilməsinə pis baxmıram. Amma bir halda ki, həmin çalışdırıcı bizimkilərdən savad, təcrübə, iş qabiliyyəti baxımından üstün olsun. Heç olmasa sadaladığım keyfiyyətlərdən birində öz məşqçilərimizi qabaqlasın. Əgər qabaqlamırsa, onda əcnəbi məşqçini gətirməyin nə mənası var? Axı Pusiç kimdi ki, onu “İnter”in sükanı arxasına gətirirsiz?

 

Yerli məşqçilərin heç biri ilə nə qohumluğum var, nə də dostluğum. Sadəcə, özümüzünkülərə qiymət verməliyik. Mən demirəm ki, bu gün iddialı komandaları çalışdıra biləcək kifayət qədər yerli məşqçimiz var. Xeyr. Amma sayları az da olsa, belələri var və onlara güvənmək, şans vermək lazımdı. Pusiç kimiləri gəldi-gedərdi. Onlar üçün nə Azərbaycan futbolunun inkişafı maraqlıdı, nə də azərbaycanlı futbolçunun.

 

Tengiz MƏMMƏDOV

0