[b]Elxan Əliyev: Bizə 2 ürəyi olan basketbolçular lazımdı[/b] – MÜSAHİBƏ
06.03.2015 - 10:23
[b]Elxan Əliyev: Bizə 2 ürəyi olan basketbolçular lazımdı[/b] – MÜSAHİBƏ

Hər arxada qalan gün bizi Avropa Oyunlarına daha bir gün yaxınlaşdırır. Paytaxtımızda ilk dəfə təşkil olunacaq möhtəşəm yarışa 98 gün qalmış apasport.az saytı yeni rubrikaya start verir. Bakı-2015 barədə xəbərlər və reportajlar yayımlayan saytımız oxucuların görüşünə “Ümidlərimiz”lə gələcək. Oyunların startına kimi davam edəcək bu rubrikada yarışa qatılacaq yığmalarımızın baş məşqçiləri və aparıcı üzvlərinin müsahibələri ilə tanış olmaq imkanınız yaranacaq. Hazırlıq və son durumla bağlı məlumatları onların öz dilindən eşidəcəksiz.

 

Rubrikamızın ilk qonağı Avropa Oyunlarında basketbolun 3X3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyevdi. Həyatının 40 ilini idmanın bu növünə həsr edən mütəxəssis komandamızın son durumundan razı olmaqla yanaşı, onların uğuruna böyük ümid bəsləyir.  

 

- Avropa Oyunlarına 98 gün qaldı. Təlim-məşq toplanışı ilə bağlı yollandığınız Gürcüstanda hazırlıq necə keçdi?

- Ölkəmizdə bütün federasiyalar kimi, Basketbol Federasiyası da əsas diqqətini Avropa Oyunlarına yönəldib. Gürcüstanda hazırlıq keçməkdə məqsədimiz 3X3 növündə yığmamızın heyətində yer alan Fuad Niftəliyevlə Amil Həmzəyevin texniki və fiziki durumunu qaldırmaq idi. Həmçinin, komandaya 3 yeni gənc basketbolçu da cəlb etmişik. Həmin oyunçular Azərbaycanın gələcəyi hesab edilir. İnşallah, bu uşaqlarla növbəti illərdə uğurlarımızı sıralayacağımıza böyük ümid bəsləyirik. Təlim-məşq toplanışına gəlincə, hazırlığımız 18 gün davam etdi. Əsas yükləmələrimiz dağda fiziki çalışmalar üzərindəydi. Burada, həmçinin martın 16-24-də Bişkekdə keçiriləcək “Novruz kuboku”na da ciddi hazırlaşdıq. 5 yoxlama oyununa çıxdıq və hamısında qələbə qazandıq. 10 günlük Qırğızıstana yollanırıq. Ardınca Bakıya qayıdacağıq və Litvada oynayan Rolanda Əliyevlə Türkiyədə çıxış edən Orxan Aydın, o cümlədən 3 yeni əcnəbi oyunçu da komandamıza qoşulacaq. Millimizin digər üzvləri – Amil, Fuad və Davit Barbakadze də bizlə buradadı. Bundan sonra hazırlığın son mərhələsinə start verəcəyik və lazımı taktika üzərində işləyəcəyik.

 

- Artıq Oyunlara qatılacaq heyəti müəyyənləşdirdiyinizi və ya özünüz üçün seçim etdiyinizi demək olarmı?

- Özüm üçün heyəti müəyyənləşdirmişəm. Lakin bunu açıqlamaq etik cəhətdən də düzgün alınmır. Çünki komandamızın heyətində 8 aparıcı oyunçu var və hamısı birgə hazırlaşır. Fikirləşirəm ki, yarışa hələ təxminən 3 ay qaldığından bu vaxtda hər şeyin dəyişməsi mümkündü. Çünki Allah eləməsin, zədə, xəstəlik və digər məsələlər mənim planlarımı poza bilər. Həmçinin, Türkiyə klublarında çıxış edən 2 amerikalı var ki, onların oyunlarına bir də baxmaq istəyirəm. Düzdü, 2 dəfə gedib həmin basketbolçuların oyunlarını izləmişəm. Amma onları bir daha da sınaqdan keçirmək istəyirəm. Çünki mən hələ sənədləşməsi davam edən oyunçuları 3X3 növündə deyil, klassik basketbolda görmüşəm. Amerikalıların açıq havada, günəş altında necə mübarizə aparmasını da görmək istəyirəm. Bu da 3X3 növündə top, səbət, həmçinin faulların fərqli olması səbəbindəndi. Fikrimcə, köməkçilərimlə birgə hamısını yoxlayıb, düzgün qərar verəcəyimizə inanıram.

 

- Həmin “səkkizlik”dən hansısa bir hadisə olmasa neçəsini dəyişməyəcəksiz?

- Heyətdə 2 basketbolçu özüm üçün tam dəqiqləşdirmişəm.

 

- Avropa Oyunlarında heyətdə azərbaycanlı basketbolçular olacaq, yoxsa əcnəbilər üstünlük təşkil edəcək?

- Azərbaycanlı uşaqlar olacaq. Ancaq bilmirəm ki, Orxan Aydını, Rolanda Əliyevi azərbaycanlı sayırsız, ya yox. Bunların hamısı həmyerlilərimizdi. Orxan Türkiyədə oynayır, ölkəmizdə doğulub. Rolandas isə Litvada çıxış etsə də, atası və anası lənkəranlıdı. Hər yay da valideynləri ilə birgə ölkəmizdə olur. Mən bunları azərbaycanlı sayıram. Həmçinin, Barbakadzeni də artıq bizimki hesab etmək olar. 10 ildən çoxdu bizlədi və milliyətcə gürcü olsa da, azərbaycanlılaşıb.

 

- Sizcə, Avropa çempionatında iştirak zamanı yaşadığımız problemlə üzləşməyəcəyik ki? Həmin vaxt FİBA-Avropa Əliyevin yığmamızda çıxışına icazə verməmişdi. Yığmamızın heyətində bir neçə yarışda iştirak edən Rolandonun sənədləri qaydasına düşsə də, digərlərində belə bir problem yarana bilərmi?

- Hansısa problemin yaranmasına inanmıram. Avropa çempionatı zamanı Əliyevin sənədləri qaydasında deyildi. Litvanın heyətində Avropa və dünya çempionu olmuşdu. Artıq bu problem həll edilib. Rolando bizlə birgə Kiyevdə, Amsterdamda və Rumıniyada oynayıb. Bu çətinliklər aradan tamamilə qaldırılıb və o, bizim basketbolçudu.

 

- Siz komandanızdan fərqli, qadınlardan ibarət yığmamızda legionerlərin adları açıqlanıb. Yamaykalı Aneyka Henri və amerikalı Renara Tiffani Reys millimizin uğurları üçün çalışacaq...

- Qadın və kişi yığmalarımızın ikisinə də cavabdehliyi mən daşıyacam. Həmin legionerləri də, kişilərdən ibarət komandamıza gələcək oyunçuları da mən tapmışam. İnanıram ki, hər 2 komanda çox yüksək nəticə göstərəcək.

 

- Elə o məqama toxunmaq istəyirdik. İslam Həmrəyliyi Oyunlarının qalibi olan Elxan Məmmədov (həmin vaxt köməkçi kimi – T.H) ardınca basketbolun zəif inkişaf etdiyi ölkəmizə Avropa çempionatında da uğur yaşatdı. Komandamız yalnız top fərqinə görə mərhələ adlaya bilmədi. Azarkeşlər Avropa Oyunlarında sizdən və millilərimizdən hansı nəticəni gözləsin?

- 40 ildi məşqçi işləyirəm. Karyeram ərzində Türkiyədə də çalışmışam və özümü tərifləməyi heç sevmirəm. Ancaq onu deyə bilərəm ki, basketbolun fəhləsiyəm. Komandalarımızın uğurlu çıxışı, ölkəmizdə idmanın bu növünün inkişafı üçün əlimdən gələni edəcəyəm. Qadın basketbolçulardan ibarət yığmamızın baş məşqçisi Tatyana Slojenitsinaya böyük hörmətim var. Bilirəm ki, o ölkədən kənara çox çıxmır. Xaricdə məşqçilər, menecerlərlə işləməyib. Bu səbəbdən də işi öz üzərimə götürmüşəm və oyunçu tapmaqda köməklik etmişəm. Hər 2 komandanı da yarışda yalnız yüksək nəticələr qane edəcək və buna ümid bəsləyirik.  

 

- Avropa Oyunlarına hazırlaşan komandamız bir neçə mötəbər yarışa qatılıb. Oyunlarından narazı qaldığınız və bunu özlərinə dediyiniz anlar olubmu?

- Avropa çempionatında Rumıniya çempiondu. Biz Amsterdamda qrup mərhələsində onları məğlub edib, finala kimi irəliləmişdik. Təəssüf ki, mən həlledici görüşə gedə bilmədim. Fikrimcə, həmin vaxt orada olsaydım, nəticələr tam fərqli olardı. Xüsusilə, Spenser Nelsonun oyunundan narazı qaldım. Avropa ikincisi Sloveniyanı da məğlub etmişdik. Avropa çempionunu olan rumınlara 24:8 hesabı ilə qalib gəlmişdik. Səhvlər ola bilər. Spenser klassik basketbolda ən önəmli legionerlərimizdən idi və bizə kömək böyük edərdi. 3X3 növündə də ona inandım. Barbakadzeni ehtiyata göndərib, onu oynatdım. Amma görünür, bir az tələsdim. Amerikalı legionerin təcrübəsi, MBA və Avropanın aparıcı klublarında oynaması məni bir az aldatdı. Çox zəif çıxış etdi və komandamızı geri atdı. Bu, mənim səhvimdi. Çünki qərarı mən verirəm və basketbolçuları da mən seçirəm.

 

- Spenserlə yanaşı, əsas yığmamızda bir neçə əcnəbi var. Onlara güvənmək ehtimalı varmı? Əks halda, komandada inciklik yaranmaz ki?

- Gənclərdən 2-3 ucaboylu oyunçu gəlsə, əsas komandamız daha da güclənəcək. Həmişə inanıram ki, Aleksandr Rındin, Orxan Aydın, Amil Həmzəyev, Rolando Əliyev kimi oyunçular Azərbaycanın səsini eşidəcəklər və yığmamıza gələcəklər. Onlardan başqa, komandamızda Çarlz Devis, Nilson Spensor, Niklas Kaner-Medley kimi oyunçular da var. Mən onlarla, xüsusilə Devislə danışanda başa düşdüm ki, o 3X3 növünü oynaya bilməyəcək. Yaxud, Zaur Paşayev 5X5 – klassik növdə millimizin əsas oyunçularındandı. Ancaq Avropa Oyunlarında ona çətin olacaq. Burada hündürboy, qüvvətli, hətta deyərdim ki, 2 ürəyi olan, isti təsir etməyən basketbolçu lazımdı. 8-10 nəfərin içərisindən də “dördlüyü” seçəcəyik.

 

- Onda əminliklə, yığmamızda forma geyinmiş amerikalıların Avropa Oyunlarında forma geyinməyəcəyini söyləmək olar...

- Bəli, özü də 100 faiz. Bilirsiz, klassik basketbolda taktika da fərqlidi. Burada hər cinahdan kömək gəlir, həmişə sənin yanında kimsə olur. Amma 3X3 növündə hər cinahda və mərkəzdə cəmi 1 oyunçu yer alır. Oyun fiziki durum üzərində qurulur. Xüsusilə də, hücumda və müdafiədə birə-bir oynadığın halda. Burada kömək də bir qədər çətindi, foullar azdı. Yəni, klassik basketboldakı qayda pozuntularının bəziləri burada adi oyun qaydasıdı. Seçimimizdə bütün bunları nəzərə alacağıq. Çox dözümlü oyunçular komandada yer almalıdı.

 

- Komandanın hazırlığının son mərhələsində yoxlama oyunları nəzərdə tutulubmu? Həmin sınaqlarda əsas heyətə güvənəcəksiz, yoxsa sonadək bunu oyunçular bunu hiss etməyəcək?

- Tezliklə, əsas heyət müəyyənləşəcək. Qarşıda 2 beynəlxalq turnirə qatılacağıq. Həmçinin, mayda Avropa Oyunları Əməliyyat Komitəsi ilə Basketbol Federasiyası birgə test yarışı təşkil edəcək.

 

- Onda ölkəmizə gələcək yığmalar bəllidimi?

- Azərbaycana 6 ölkə gələcək. Bunlar Serbiya, Sloveniya, Gürcüstan, Türkiyə, Rusiya və Litvadı.

 

- Test turnirində ümumilikdə neçə komanda olacaq?

- Biz turnirə 4 komanda çıxaracağıq. Ümumilikdə, 12 yığma mübarizə aparacaq.

 

- Bu növün inkişafını Avropa Oyunlarından sonra da davam etdirəcəksizmi?

- Bu oyun çox maliyyə tələb etməyən meydandan və səbətdən ibarətdi. Bunu hər yerdə qurmaq mümkündü. Bu növ böyük basketbola keçiddə də rol oynaya bilər. Hətta məktəbdə, ya məhəllədə də mümkündü. Məsələn, Fuad Niftəliyev basketbola məhz belə gəlib. Öz həyətində sınıq stulu divara səbət yerinə asıb və hər gün məşq edib. Hətta qonşular hazırda millimizin pleymekerinə boyunun olmamasını, basketbolçu kimi yetişməyəcəyini bildirdikləri halda... Lakin o, istəyinə çatdı və ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurları yüksək qiymətləndirildi, mənzillə mükafatlandırıldı.

 

Tahir HÜMMƏTOV

 

0