Sumqayıt cüdoçuları ilə görüş keçirilib - FOTOSESSİYA
05.02.2016 - 16:25
Sumqayıt cüdoçuları ilə görüş keçirilib - FOTOSESSİYA

“Azərkimya” İB-nin akt zalında Sumqayıt cüdo ictimaiyyətinin nümayəndələri, idmançılar, məşqçilər və klub rəhbərlərinin görüşü keçirilib. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, tədbirdə Milli Məclisin Sumqayıtdan seçilmiş deputatları Muxtar Babayev və Tahir Mirkişili, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak ediblər.

 

Görüşdə Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin göstərişi və qayğısı sayəsində bölgələrdə idmanın inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və gerçəkləşən irimiqyaslı layihələrdən söhbət açılıb. Rövnəq Abdullayevin Cüdo Federasiyasına prezident seçilməsindən sonra idmanın bu növündə yaşanan sürətli inkişaf xüsusi vurğulanıb.

 

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 2015-ci ilin sentyabrında keçirilən konfransdan ötən müddət ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, bu gün qarşımızda duran ən vacib məsələlərdən biri avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaq və yarışlarda yüksək səviyyədə təmsil olunmaqla, yeni uğurlara imza atmaqdı.

 

Bölgələrdə, o cümlədən Sumqayıtda cüdonun inkişafına yeni həyat vermək məqsədilə federasiyada qurum rəhbərinin tapşırığına əsasən xüsusi proqram hazırlandığını vurğulayan Sadıqov yeni rəhbərliyin ciddi nəzarəti və idmanın bu növünün inkişafına yaxından dəstəyi nəticəsində mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılacağını söyləyib.

 

Maraqlı diskussiya şəraitində keçən tədbirdə “Azərkimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, Sadıq Sadıqov və Tahir Mirkişili idmançıları və KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

 

Sonda şəhərin idman ictimaiyyətinin nümayəndələri maraqlı görüş üçün tədbirin təşəbbüskarlarına minnətdarlıqlarını ifadə ediblər.

 

0