[b]10-cu, 100-cü[/b]
25.05.2016 - 15:01
[b]10-cu, 100-cü[/b]

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk matçına çıxacaq yığmamız Andorra millisi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

 

Bu, millimizin tarixində 221-ci qarşılaşma olacaq. İlk görüşünü 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 24 il ərzində 220 matçda meydana çıxıb. Yığmamız indiyədək 40 qələbə qazanıb, 59 dəfə heç-heçə edib.

 

121 dəfə yenilən komandamız uduzmasa, məğlubiyyətsiz oyunların ümumi sayını 100-ə çatdıracaq. Bu matçlarda 156 dəfə rəqib qapısına yol tapan komandamız rəqiblərinin 375 qoluna məyus olub.


Komandamız yoldaşlıq oyunları və ya eyni statuslu beynəlxalq turnirlər çərçivəsində ümumilikdə 113-cü sınağına çıxacaq. Belə görüşlərdə 30 dəfə qalib gələn millimiz 37 dəfə bərabərliklə kifayətlənibsə, 45 dəfə meydanı başıaşağı tərk edib. Bu görüşlərdə yığmamız 101 qol vurub, 143-nü buraxıb.

 

Avstriyanın Bad Erlax şəhərindəki matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə yubiley - 10-cu sınağıdı. Ötən il 8 qarşılaşmada, iki ay əvvəl isə Qazaxıstanla matçda yığmamıza rəhbərlik edən mütəxəssis 2 qələbə və 3 heç-heçəyə sevinibsə, 4 dəfə məğlubiyyət acısı yaşayıb. Top fərqində də yetirmələri onu daha çox məyus edib – 8:13. Andorra ilə sınaq xorvatiyalının 4-cü yoxlama oyunudu. Serbiyaya 1:4, Qazaxıstana 0:1 hesabı ilə uduzub, Moldovanı 2:1 yenən yığmamız ilk “quru” matçını keçirməyə çalışacaq.

 

Qeyd edək ki, mayın 26-da keçiriləcək Azərbaycan – Andorra oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

0