[b]39 dünya çempionatı, 17 olimpiada və ya “canınız çıxsın, oynayacaqsınız” – ƏFSANƏNİN ANIM GÜNÜDÜ[/b]
02.06.2016 - 14:48
[b]39 dünya çempionatı, 17 olimpiada və ya “canınız çıxsın, oynayacaqsınız” – ƏFSANƏNİN ANIM GÜNÜDÜ[/b]

Opera müğənnisinin ailəsində anadan olmuşdu. 1922-ci ilin dekabrın 11-də.

12 yaşından tennis oynamağa başlamışdı. 1 il sonra isə o, artıq yaşıdları arasında Moskva çempionu idi. Amma tennis hobbi idi onunu üçün. Atası kimi incəsənətə meylli idi. Bəlkə də elə bu səbəbdən idi ki, orta məktəbi bitirən kimi sənədlərini Moskva Teatr Sənəti İnstitutuna verdi. Özü də aktyorluq fakültəsinə.

Təyinatını da Moskva Bədaye Teatrına vermişdilər. Amma burada çox qalmadı. Tale onu idman şərhçiliyinə aparıb çıxardı. Məhz bununla da SSRİ-də milyonların sevimlisinə çevirdi.

İlk dəfə mikrofon arxasına 1950-ci il avqustun 12-də keçdi. “Dinamo” – SDKA oyununu şərh etdi. Deyilənə görə, bu şərhdən sonra radioya 20 minə yaxın təbrik teleqramı gəlmişdi. Dinləyicilər qeyri-adi, rəsmilikdən xeyli uzaq bir idman şərhindən vəcdə gəlmişdilər.

Düz 38 il futboldan tutmuş hokkeyə, tennisdən tutmuş yüngül atletikaya qədər neçə -neçə idman növü üzrə keçirilən yarışlarda şərhçi kabinəsində əyləşib. Dünyanın 49 ölkəsindən canlı yayımla şərhçilik edib. Üst-üstə 17 yay və qış olimpiadasında şərhçi olub. Eləcə də futbol üzrə 9, hokkey üzrə 30 dünya çempionatında baş verənləri sovet adamlarına çatdırıb.

“Onu səsini ilk cümləsindən tanıyırdılar SSRİ-də”. Bunu onun tələbələrindən olmuş Yevgeni Mayorov deyir.

“Onun yanında şərhçilik etmək günah olardı”. Başqa bir tələbəsi Vladimir Pereturin bildirib.

“Onu həyəcansız dinləmək mümkün deyildi”. Başqa bir tanınmış sovet şərhçisi Maslaçenkonun sözləridir.


 

İstər sovet, istərsə də sonrakı dövrdə keçmiş SSRİ ərazisində elə bir idman şərhçisi olmayıb ki, ən azı öyrənmək üçün ona qulaq asmasın.

İndi oyunlarda şərhçilərin uzun-uzadı “Qoool” qışqırığını da o, gətirib ekranlara.

Şərh edərkən ağzından kobud sözlər də çıxıb. Bu sözləri milyonlar eşidib. Ancaq hamı başa düşürdü ki, bu zaman o, özündə olmayıb. Hətta sovet vaxtı senzuradan kənar ifadələr görə, belə onu cəzalandırmayıblar, əksinə seviblər.

Çox maraqlı və ikibaşlı ifadələrlə də yadda qalıb.

Dünya çempionatlarının birində İspaniyanın bir futbolçusu İtaliyanın qapıçısı ilə təkbətək qalıbmış. Futbolçu bir an dayanıb və sonra topu boş qapıya vura bilməyib. Həmin epizodu belə şərh etmişdi: “İspaniyalı hücumçu bir an fikirləşdi ki, bu dəqiqə atası, anası, sevdiyi qız, bütün İspaniya və bütün dünya ona baxır. O, bunları fikirləşənəcən İtaliyanın müdafiəçisi topu onun ayağından götürdü”.


 

"Sovetski sport" qəzetinin baş redaktoru, daha sonralar isə SSRİ İdman Komitəsinin sədr müavini olan Slava Qavrilin danışır.

“Bizim futbol yığmamız İngiltərədə yoldaşlıq görüşü keçirirdi və oyunu şərh etmək üçün biz ora ezam olunmuşduq. Darıxdırıcı bir oyun idi. Mən, meydanda baş verənlərdən daha çox, onun dediklərinə, sönük oyunu necə şərh etməsinə diqqət kəsilmişdim. Ümumiyyətlə deyim ki, sağ olsun, heç nədən konfet düzəldirdi, halbuki meydançadakı cəfəngiyatı tamaşaçılar özləri də görürdülər. Amma birdən İngiltərə yığmasının kapitanının adını bir qədər qeyri-adi tərzdə tələffüz etməsi diqqətimi çəkdi. Həmin oyunçu isə çox məşhur olan Billi Rayt idi. Öz yığmasının heyətində 100-dən artıq oyun keçirmiş, dəfələrlə İngiltərə yığmasının və doğma klubu “Vulverhempton”un tərkibində ölkəmizdə olmuşdu.

Şərhçi kabinəsindəki mikrofon açıq olduqda, kənar söhbətlər aparmaq qadağandır və ümumiyyətlə kabinəyə başqa adam buraxdığına görə, başı ağrıya bilərdi. Mən isə özümü saxlaya bilməyib sözümü bir kağız parçasına yazıb, ona ötürdüm: "Niyə Bill Raytın adını başqa cür çəkirsən?" O, cavabında barmağını protokola tərəf uzadıb başını tərpətdi, yəni ki, niyə başa düşmürsən?

Fasiləyə qədər bir təhər dözdüm, səbrim daha tükənmişdi, bağırdım:

- Axı, bu Raytdır, başa düşürsən, Bili Rayt, aç gözlərini! Sən ki, onu çox yaxşı tanımalısan!


 

- Başa düşməyinə düşürəm, Slava, amma burada - yenə də oyunun protokoluna işarə ilə - Rayt yazılmayıb, başqa cür yazılıb. Belə ki, məndə heç bir günah yoxdur.

Çarəsiz qalıb, protokola baxıram: orada ingilis qrammatikasının tələblərinə uyğun olaraq, necə lazımdır, elə də yazılıb - Write.

-Axı, bu Rayt kimi oxunmalıdır,- deyirəm,- yəni sən, bunu bilmirsən?

- Bilirəm, bilirəm, - deyə o özündə heç bir günah görmədən cavab verir. - Amma protokol protokoldur, sən də yaxşı bilirsən ki, nə sən, nə mən ondan kənara çıxa bilmərik.

Beləliklə, oyunun sonuna kimi Billi Rayt Rayt olmadı ki, olmadı. Saat yarım ərzində efirdə yorulmadan Vrite, Vrite deyə-deyə durdu.

1966-cı il dünya çempionatı ərəfəsində SSRİ yığması Latın Amerikasına yoldaşlıq görüşü keçirməyə gedibmiş. Çili ilə oyunda komandanın komsomol təşkilatı katibi müdafiəçi Dubinskinin qıçını sındırdılar. Bizim qəhrəmanımızın “komsorq”un qıçını sındırdılar” ifadəsinə görə isə onu danlamışdılar.

SSRİ-nin hokkey üzrə yığamsı okeanın o tayındakı turnedə dalbadal məğlub olmuşdu. Bu məşhur kəlam da o vaxt meydana gəlmişdi və indi faroizmə çevrilib: “Belə hokkey bizə lazım deyil”. Elə bu sözlər də ona baha oturmşdu.

Bir dəfə də SSRİ yığması Çexoslavakiya ilə görüşdə hesabı aça bilmirmiş. O qədər əsəbiləşib ki, el beləcə də deyib. “Canınız çıxsın, səhərəcən, hesab açılanacan oynayacaqsınız”.

Dillər əzbər olan o söyüşü isə…söyməyib. Bu, sadəcə əfsanədir. Bildinizz yəqin nədən söhbət gedir. “Zərbə…x…qol deyil”.


 

Həyat yoldaşı Marqarita deyir bunu.

“Mən neçə il onunla bir yerdə yaşadım, dilindən söyüş eşitmədim. Bunlar hamısı nağıldır. Bəlkə də sevgidən irəli gəlir”.

 

Hə, nağıl kimi ömür yaşadı. Maraqlı, rəngarəng. 1922-ci ildə doğuldu. 1997-ci ildə, 75 yaşıda öldü. Bu gün, iyunun 2-si isə onun anım günüdür. Nikolay Nikolayeviç Ozerovun…

 

Səbuhi MƏMMƏDLİ

lent.az

0