[b]“Mən sabahımı çox düşünən insan deyiləm” – Rəşad Sadıqov[/b]
22.08.2016 - 16:20
[b]“Mən sabahımı çox düşünən insan deyiləm” – Rəşad Sadıqov[/b]

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının pley-off mərhələsində “Höteborq”la səfər matçında çoxsaylı hücumlar etsəniz də, qol vurmaq mümkün olmadı. Soyuq başla o matçı necə dəyərləndirərdiniz və cavab matçında şans nə qədərdi?

- Hamı şahid oldu ki, orda əlimizdən gələni etdik. Səfərdə oynamağımıza baxmayaraq, ordan hətta böyük üstünlüklə qayıtmaq istəyirdik. Məqsədimiz qələbə qazanmaq idi, ən pis halda isə məğlub olmamağı düşünürdük. Amma uzaqdan vurulan bir top düz “doqquzluğ”a getdi və bu qolla üstünlüyü əldən verdik. O ki qaldı cavab görüşünə, asan olmayacağını başa düşürük. Rəqib ola bilsin daha çox qapansın və ya rahat əks-hücumlara atılsın. İsveçdə vurduqları 1 qol onlara böyük üstünlük verir. Psixoloji üstünlük “Höteborq” tərəfdədi. Amma düşünürəm ki, şanslar bərabərdi. Sona qədər mübarizə aparacağıq.

 

- Rəqibin müdafiə xəttini yarmaqda bir qədər çətinlik çəkdiniz. Belə demək olarmı ki, “Höteborq” “Qarabağ”ın oyununu daha yaxşı təhlil etmişdi?

- Əslində, rəqibin müdafiə xəttini yara bilirdik. Yaxşı hücumlarımız, yetərincə qol imkanlarımız oldu. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Özünüz də görürsünüz ki, son vaxtlar bu, komandamızda böyük problemə çevrilib. “Viktoriya” ilə qarşılaşmada da eyni halla üzləşdik. Futbolda belə şeylər olur. Bəzən pis oynayıb qələbə qazanmaq və ya yaxşı oynayıb uduzmaq da olur. Sadəcə, gərək hər şey hazır olasan. Haldan-hala düşmək olmaz. Qələbə qazananda bir, məğlub olanda başqa bir hala düşmək olmaz. Bu, komandanın psixoloji durumunun zəif olduğunu göstərir. Biz də çalışırıq özümüzü itirməyək, psixoloji cəhətdən “düşməyək”. Bütün gücümüzü ortaya qoymağa çalışacağıq.

 

- Azarkeşlər yalnız qrup mərhələsinə vəsiqə gözləyirlər. Bu amil sizə təzyiq yaratmır?

- Bir misalı çəkim. Yay Olimpiya Oyunlarında hansı idmançıdan nəticə gözlənilirdisə, o, çətinliklə üzləşirdi. Çünki əlavə psixoloji təzyiq olur. Üstəlik, rəqiblər də favorit idmançıları yaxşı təhlil edirlər, onlara qarşı xüsusi hazırlaşırlar. Eyni hal da bizdədi. Hamı bizdən nəticə gözləyir. Bu təzyiqi də komanda şəklində hiss edirik. Bütün futbolçularımız qrup mərhələsində oynamaq istəyirlər. Amma görürsən ki, rəqiblər də sənə qarşı fərqli hazırlaşırlar. Belədə də sürpriz edəcək bir şey tapmırsan. Son iki mövsümdə Avropa Liqasının qrupunda iştirak etmişik, “Viktoriya”ya qarşı iki oyun keçirmişik. Belə olunca rəqiblər necə lazımdı təhlil edə bilirlər. Bunu başa düşürük. Amma əlavə bir şey etməliyik ki, meydandan qalib ayrılaq.

 

- Əlavə bir şey deyəndə nəyi nəzərdə tutursunuz?

- Hücumlarda daha dəqiq olmağa çalışmalı və ya daha çox hücum etməliyik. Elədiklərimiz demək ki, nəticə üçün yetmir.

 

- Dino Ndolovu bu baxımdan sizə kömək edə bilərmi?

- Təəssüf ki, Ndolovu komandaya çox gec qoşulub. Üç aydı ki, oyun praktikası yoxdu. “Neftçi” ilə son çempionat matçında cəmi 30 dəqiqə oynadı. Çox istərdik ki, cavab görüşündə bizə kömək eləsin. Amma buna məşqçilər qərar verəcəklər. Meydana buraxsalar da, bizə nə dərəcədə kömək etməyə hazır olduğunu oyunda görəcəyik.

 

- Topaz Premyer Liqasının III turunda “Neftçi”ni ehtiyat qüvvə ilə böyükhesablı məğlubiyyətə (3:0) uğratdınız. Demək olarmı ki, “Qarabağ” ikinci heyətlə də çempionatda nəticə qazanmağa qadirdi?

- İkinci heyət fikri ilə tam razılaşmıram. Çünki həmin heyətdə nə qədər aparıcı oyunçuların iştirak etdiyini gördünüz. Özlərini də çox yaxşı tərəfdən göstərdilər. Meydanda çox istəkli idilər, hesabda öndə olduqda da komandanın oyun intizamından bir an olsun qopmadılar. Yaxşı oyun nümayiş etdirdilər, onları təbrik edirəm. O ki qaldı çempionatdakı mübarizəyə, “Qəbələ” bu il çox güclüdü. Mənim şəxsi fikrim belədi ki, “Qəbələ” ötənilkindən daha təhlükəlidi. Vaxt keçdikcə “Neftçi” də özünə gələcək. Həmçinin “İnter” də yaxşı heyət yığıb. Məncə, qarşıda bizi gərgin çempionat gözləyir. Birinci turda heç kimin gözləmədiyi halda “İnter”ə (1:2) məğlub olduq. Çempionatda belə hallar çox olacaq.

 

- Ramil Şeydayev və Emin Mahmudov yığmanın növbəti təlim-məşq toplanışına dəvət alıblar. Bir kapitan kimi, onların komandaya xeyir verəcəyini düşünürsünüzmü?

- Toplanışa çox az vaxt qalıb. San Marino ilə görüş bizim üçün qrupun ən vacib oyunlarından biri olacaq. Çox istəyirik ki, seçmə mərhələyə 3 xalla başlayaq. Bunun üçün əlimizdən gələni edəcəyik. İlk gündən də buna köklənəcəyik. Yığma 3 aydı toplaşmır, hamı darıxıb. O ki qaldı Ramil Şeydayevlə Emin Mahmudovun çağırılmasına, bu, çox sevindirici haldı. Mən onların millidə olmalarını çoxdan istəyirdim. Ümumiyyətlə, ölkə xaricində çıxış edən damarlarından Azərbaycan qanı axan futbolçuların çağırılmasının tərəfdarıyam. Çünki kənarda oynayan, Rusiya Premyer Liqası kimi çempionat təcrübəsi olan oyunçulara çox ehtiyacımız var. Yerli çempionat deyirik, amma yaxşı olar ki, kənardan da bəzi futbolçular çağırılsın. Onlar başqa psixologiya ilə gəlirlər. Onlar sürətli oyunlara daha hazırlıqlı olurlar. Dəniz Yılmazı da eşitdim. O da təcrübəli, yaxşı hücumçudu. Fikirləşirəm ki, hər üçü millimizə xeyir verəcək.

 

- Siz həm də məşqçisiniz və çempionat oyunlarını yəqin ki, izləyirsiniz. Hansı yeni futbolçuların çağırılmasını istərdiniz?

- Demək olar ki, çempionat oyunlarını qaçırmıram, çoxuna baxıram. Gördüyünüz kimi, 3 yeni futbolçu dəvət edilib. Deməli, heyətdə kiminsə yerini tutmalıdılar. Milliyə düşmək getdikcə çətinləşəcək. Şəxsi fikrim odu ki, bir çox futbolçularımızın potensialı imkan verir ki, daha yaxşı oynasınlar. İstedadlı futbolçularımızın hamısı yaxşı formada olsalar, potensiallarını ortaya qoya bilsələr, Azərbaycan futbolu üçün daha çox iş görmək olar. Bir az da istəkli olsaq, işimizə məsuliyyətli yanaşsaq, həm klublar, həm də yığma uğur qazanar.


- Bədavi Hüseynov artıq neçə ildi stabil çıxış edir. Ruslan Abışov da öz oyununu göstərməyə başlayıb. Bunlar sizi narahat etmir?

- Xeyr, əksinə, məni sevindirir. Deyim ki, hansısa yerdə gözüm var, düz olmaz. Artıq elə yaşdayam ki, nə qədər gənc oyunçu yetişsə, sevinərəm. Bundan sonra kiminləsə rəqabət aparmaq fikrim də yoxdu. Yığmada 3 ayım, 5 ayım qalıb, bilmirəm. İstəyərəm uşaqlarımız daha yaxşı olsunlar ki, bəlkə mən də yığma karyeramı tez bitirim.

 

- Son dövrlərdə Azərbaycanın yetişdirdiyi ən güclü iki futbolçulardan birisiniz. Gənc futbolçular ikinci bir Rəşad Sadıqovun çıxması üçün nə etməlidilər?

- Ən asası işini sevməlisən. Mənim bu səviyyəyə çatmağımın əsas sirri budu. İşini sevməli və şəxsi həyatına diqqət yetirməlisən. Bu ikisini cəmləşdirə bilsən, uğurlu karyera qura bilərsən. Şəxsi həyatın karyeranın üstünə keçməməlidi. Qəlbində futbola sevgi özəl həyatındakı maraqlardan daha çox olmalıdı. Əgər şəxsi həyatındakı maraqlar qəlbindəki futbol sevgisindən artıqdısa, o futbolçu nə stabil oyun göstərə biləcək, nə də normal futbol oynayacaq. Bəzən olur, deyirsən ki, nəsə çatmadı, hardasa yaxşı oynaya bilərdi, alınmadı. Gənclərə məsləhətim odu ki, işlərini sevsinlər. Futbolu həyatlarında birinci yerdə tutsalar, mütləq uğur qazanacaqlar.

 

- Eyni zamanda “Qarabağ”ın U-19 komandasının baş məşqçisisiniz. Ordakı işiniz necə gedir?

- Pis deyil. Düzdü, bir az yüklənmişəm. Şəxsi həyatıma çox az vaxtım qalır. Hər gün əsas komandanın, U-19 komandasının məşqi. Amma mənə xoşdu. Qurban Qurbanov inad elədi ki, bu işi görüm. Nə qədər ki, oynayıram, biliyimi, savadımı artırmağımı mənə tövsiyə elədi. Düzdü, vaxt baxımından bir az çətindi. Bir məşqdən çıxıb, digərinə girirsən, yorulursan. Amma peşman deyiləm. İnşallah, burda işlədiyim müddətin mənə gələcəkdə çox faydası olar.

 

- Komandanızda istedadlı uşaqlar varmı?

- Bəli, var. İnşallah, onlar gələcəkdə səs sala biləcəklər.

 

- U-19-da fəaliyyətə başlamağınızı gələcəkdə əsas komandaya keçmək üçün atılmış addım saymaq olarmı?

- Mən sabahımı çox düşünən insan deyiləm. Heç vaxt düşünmürəm ki, gələcəkdə filan yerdə işləyəcəm. Hansısa işin mənə gələcəkdə faydası olacaqsa, onu bu gün edirəm. Gələcəkdə harda, necə olacaq, hansısa komandada işləyəcəm, işləməyəcəm və ya idarəçi olacam, bilmirəm. Bu işin mənə nə cür faydası dəyəcək, onu Allah bilir. Bəlkə lazım olmayan şeyləri öyrənəcəm, yaxud səhv öyrənəcəm. Hələ ki, doğru bildiyimi edirəm. Görək, gələcək nəyi göstərəcək. Pep Qvardiola, Luis Enrike kimi böyük məşqçilər də aşağı yaş qrupundan başlayıblar. Hər ikisi bir il əvəzedici komandada çalışıb. Mən də bunda bir xeyir görürəm. Qurban Qurbanov da məsləhət verəndə bu misalları mənə göstərmişdi. İnşallah, bir faydası olar.

 

- Baş məşqçi kimi kumiriniz kimdi?

- Pep Qvardiola.

 

Ruslan SADIQOV

0