[b]Azad Rəhimov: Legionerləri Azərbaycanın idmançılarından fərqləndirmirik[/b]
23.08.2016 - 12:56
[b]Azad Rəhimov: Legionerləri Azərbaycanın idmançılarından fərqləndirmirik[/b]

“Hazırda qloballaşan bir dünyada yaşayırıq. İnsanlar kütlələrlə bir ölkədən, öz el-obalarından başqa məkanlara axın edirlər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Nazir Rioda Azərbaycan yığmasının heyətində yer alan legionerlərlə bağlı səslənən fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, bu məsələlərə ikili yanaşma düzgün deyil: “Özünüz də hər gün eşidirsiniz ki, hansı proseslər baş verir - Afrikadan, Yaxın Şərqdən Avropaya köçlərdən də xəbəriniz var. Toğrulun italiyalı rəqibi əslən Kubadandı. Amerikanın təmsilçisi, 10 min metrdə qələbə qazanan idmançı diziüstə çökərək, Allaha dua etdi. Güləş növündə Dağıstan idmançılar, baxın, neçə ölkənin şərəfini qoruyurdular. Elə bizim də bir yetirməmiz Qazaxıstana qızıl medal qazandırdı, Ramil Quliyev isə Türkiyənin bayrağı altında çıxış edir. Kimsə buna xüsusi diqqət ayırırsa, bunda bəhanə axtarırsa, məncə düzgün yanaşma deyil. Əgər idmançı qərar verib, ölkəsini tərk edərək başqa bir məmləkətə köçürsə, Olimpiya oyunları qaydalarına görə, 3-4 il bu yarışlarda çıxış edə bilməz. Bizim də ölkənin şərəfini qoruyan əcnəbilər var. Bu isə o deməkdi ki, onlar 3-4 ildən artıqdı ki, Azərbaycanda yaşayıb, Azərbaycanın çörəyini yeyib, məşqlər edib, yarışlara hazırlaşıblar. Onlar Azərbaycan vətəndaşlarıdırlar”.

 

Rəhimovun sözlərinə görə, legioner söhbəti, sözsüz ki, bugünkü idmanda, bugünkü dünyada gülməli bir söhbətdi: “Mən siyasətə tamamilə toxunmaq istəmirəm. Axı, Amerika Birləşmiş Ştatlarından, İngiltərədən çıxan idmançılara nə dərəcədə anqlosaks demək olar. Ordakıların 80 faiz anqlosaks deyil. Onlar üçün kimin nə vaxt, hansı ölkədən Amerikaya, yaxud İngiltərəyə köçməsi əhəmiyyət kəsb etmir: dünən köçüb, 3 il öncə, yaxud da 5 il öncə - hamısı yerli idmançı statusunda olur. Bizim legionerlər Azərbaycan idmanı üçün lazımdı, vacibdi. Gənclər və İdman Nazirliyinin məqsədi ondan ibarətdi ki, Azərbaycanın gənc idmançıları böyüsün, hazırlaşsın və seleksiyaçılar gəlib onları tapıb aşkar edib yığma komandalara cəlb etsinlər. İşimiz ondan ibarətdi ki, idmançıların sayı çoxalsın, düzgün məşq etsinlər. Biz diqqət etməliyik ki, məşq prosesi düz qurulsun. Qurğular yüksək səviyyədə hazırlansınlar, qapıları isə daim açıq olsun. Sonrakı, növbəti addım, mərhələ federasiyalarındı. Onlar istedadlı uşaqları tapmalı, aşkar etməli, komandalara cəlb etməlidilər. Yalnız bu işlərin yekununda qələbələr ola bilər. Amma bu gün legioner Azərbaycan vətəndaşı olaraq Azərbaycanda yaşayıb qızıl medal qazanır. Bu idman üçün böyük təkanverici inkişaf vasitəsidi. Bu bizim üçün mühüm məsələdi. Biz legionerləri Azərbaycanın idmançılarından fərqləndirmirik. Onlar bizim vətəndaşlarımız, qardaşlarımız, oğullarımızdı və onları öz idmançılarımız kimi dəstəkləyirik”.

0