[b]“Sent-Etyen” “Qəbələ” önünə 7 itki ilə çıxır[/b]
20.10.2016 - 10:24
[b]“Sent-Etyen” “Qəbələ” önünə 7 itki ilə çıxır[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qəbələ” ilə qarşılaşacaq “Sent-Etyen”in iştirak ərizəsi müəyyənləşib. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, baş məşqçi Kristof Qaltye matça hazır olan 19 futbolçunun adını açıqlayıb.

 

Fransa təmsilçisinin heyətlə bağlı ciddi problemlər yaşadığını demək olar. Belə ki, Avroliqanın iştirak ərizəsinin A siyahısında yer alan 7 futbolçu bu gün meydana çıxa bilməyəcək. Əsas qapıçı Stefan Ruffye zədəli olduğundan yenə heyətə cəlb edilməyib. “19-luq”da adı olan ikinci qolkiper Jessi Mulinin isə yüngül zədəsi var. Müdafiəçilərdən yalnız Pyerr-Yves Paloma komandadan ayrı qalıb. 23 yaşlı futbolçu bu mövsüm zədə ucbatından qrup mərhələsində hələ debüt edə bilməyib.

 

Qaltyeni ən çox yarımmüdafiə xəttindəki problemlər narahat edir. Çünki orta sahədə çıxış edən 4 oyunçunun bu gün meydana çıxmayacağı dəqiqdi. Bunlar Jeremi Klemen, Benjamin Kornye, Fabyen Lemuan və Habib Mayqadı. O ki qaldı hücum xəttinə, komandanın aparıcı oyunçularından olan Romen Amuma digər zədəlilər kimi, kənarda qalıb.

 

Qarşılaşmanın startına bir saat qalmış daha bir futbolçu siyahıdan çıxarılacaq və yekun “18-lik” müəyyənləşəcək.

 

“Sent-Etyen”in bugünkü oyun üçün iştirak ərizəsi:

Qapıçılar: 1. Entoni Maysonnial, 30. Jessi Mulin

Müdafiəçilər: 2. Kevin Teofil-Katerin, 4. Leo Lakrua, 12. Çeik Mbenque, 19. Florentin Poqba, 24. Loik Perrin, 25. Kevin Malkyu

Yarımmüdafiəçilər: 5. Vensan Payo, 7. Brayan Dabo, 11. Anri Seve, 14. Cordan Veretu, 17. Ole Selnes

Hücumçular: 9. Nolan Ru, 10. Ussama Tannane, 22. Kevin Monne-Pake, 23. Aleksander Soderlund, 27. Robert Beriç, 35. Arnaud Nordin

 

Qeyd edək ki, “Joffrua Qişar” stadionunda keçiriləcək “Sent-Etyen” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

0