[b]İlin son cüdo yarışı: Əvvəldən axıra kimi - VİDEO[/b]
25.12.2016 - 00:59
[b]İlin son cüdo yarışı: Əvvəldən axıra kimi - VİDEO[/b]

Dekabrın 22 və 23-də Bakı İdman Sarayında böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilin son cüdo yarışının görüşləri də maraqlı və gərgin idman mübarizələrilə yadda qalıb.

 

Kişilər və qadınlar arasında ölkə çempionatının təntənəli açılış mərasimi hakimlər və iştirakçı komandaların paradı ilə start götürüb.

 

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən yarışda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları mübarizə aparıblar. Ölkə çempionatında 48 klubdan 366 cüdoçu qüvvəsini sınayıb. İki gün baş tutan respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaqlar. Azərbaycan çempionatının görüşlərini beynəlxalq və respubkika dərəcəli hakimlər idarə ediblər. İlk dəfə olaraq ölkə çempionatında Gürcüstan, Belarus və Tacikistandan 3 beynəlxalq dərəcəli hakim ədalət təmsilçisi olub. Görüşlər tam analiz olunub və yerli hakimlərlərlə fikir mübadiləsi aparılıb, seminarlar keçirilib. Qaliblərin mükafatlandırma mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Olimpiya çempionları, veteran cüdoçular və tanınmış idman xadimləri iştirak ediblər.

 

Qaliblərə medallar, fəxri diplomlar və pul mükafatları təqdim olunub. Komanda hesabında fəxri kürsünün ən yüksək pilləsini "Neftçi İdman Klubu" tutub. Qəbələ klubu 2-ci, Atilla isə 3-cü olub. Qalib komandaların məşqçilərinə kuboklar təqdim edildi. Sonda Azərbaycan çempionatının yüksək səviyyədə təşkilində xidmətləri olanlar, Cüdo Federasiyasının rəhbərliyi və kollektivi xatirə şəkli çəkdiriblər.

 

0