[b]"Dedi ki, ya "Araz"da oynayacaqsan, ya da karyeranı bitirəcəksən" - LAYİHƏ[/b]
04.02.2017 - 12:06
[b]"Dedi ki, ya "Araz"da oynayacaqsan, ya da karyeranı bitirəcəksən" - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin üçüncü yazısı Naxçıvan futboluna həsr olunur.

 

SSRİ çempionatında ilk titul

Hazırda futboldan uzaq düşən Naxçıvanda bu idman növünün təməli 1967-ci ildə qoyulub. "Araz" adı verilən klub növbəti ildən Azərbaycanı SSRİ birinciliyində təmsil etməyə başlayıb. Təbii ki, komanda əvvəlcə "B" sinfində mübarizə aparmalı olub. Çempionatın debütantından ilk illərdə uğur gözləmək yersiz olardı. "B" sinfində iştirak etdiyi ardıcıl 3 il ərzində "Araz"ın göstəriciləri ürəkaçan olmayıb. İlk mövsümündə 21 komanda arasında 20-ci yeri tutan Naxçıvan təmsilçisi növbəti ildə Zaqafqaziya zonasında sonuncu olub. Daha bir ili autsayderlər zonasında başa vuran "Araz" 1977-ci ildən başlayaraq II dəstədə mübarizə aparıb. 1987-ci il istisna olmaqla, komanda SSRİ dağılana qədər müntəzəm olaraq II dəstədə çıxışını davam etdirib. Buna səbəb naxçıvanlıların 1986-cı ildə SSRİ çempionatındakı zəif çıxışı olub. Bu üzdən komanda 1987-ci ildə Azərbaycan SSR-in daxili birinciliyində yarışıb və tarixinin ilk titulunu – çempionluğu qazanıb. Bu isə onlara yenidən SSRİ çempionatına qayıtmaq imkanı verib.

 

Autsayderlikdən ad dəyişikliyinə qədər...

İlk illər ən böyük uğur kimi 1979-cu ildə 6-cı yeri tutmaq hesab edilib. Həmin mövsüm istisna olmaqla, Naxçıvan komandası 1988-ci ilə qədər turnir cədvəlinin aşağı pillələrində qərar tutub. 1988-ci ildən etibarən nəticələr yaxşılaşmağa başlayıb. Ardıcıl olaraq 7-ci və 9-cu yerləri tutan "Araz" ən böyük nailliyyətini 1990-cı ildə ikinci aşağı liqada göstərib. Azərbaycan komandalarının qərarlaşdığı 3-cü zonanın "A" yarımqrupunda 2-ci olan "Araz" 1-12-ci yerlər uğrunda mübarizədə yalnız "Qarabağ" və Sumqayıt "Xəzər"indən geri qalıb. Ancaq II liqaya təkcə "Qarabağ" vəsiqə əldə edib. Bundan sonra komandanın adı dəyişdirilərək "Badamlı" qoyulub. Yeni adla SSRİ çempionatında cəmi bir mövsüm iştirak edən Naxçıvan təmsilçisi Azərbaycan klublarının yer aldığı ikinci aşağı liqanın III zonasında son pillədə qərar tutub.

 

İlk baş məşqçisi və tanınmış futbolçuları

"Araz"ın ilk baş məşqçisi "Neftçi"nin məşhur futbolçusu Tofiq Axundov olub. SSRİ dönəmində Vaqif Sadıqov, Oqtay Abdullayev, Novruz Əzimov, Maşallah Əhmədov, İlqar Hüseynov, Asim İbrahimov, Ceyhun Hüseynov kimi tanınmış futbolçular komandanın formasını geyiniblər.

 

Qalmaqallı mövsümün ilk imtinası

SSRİ dağıldıqdan sonra "Araz" fəaliyyətini dayandırmalı olub. 2000-ci ildə komanda "Araz" adı ilə yenidən formalaşdırılıb və güzəştlə Azərbaycan çempionatının güclülər dəstəsinə buraxılıb. İlk mövsümdə 11 komanda arasında 10-cu yeri tutan klub baş məşqçi Əli Rəhmanovla yollarını ayırıb. Komandanı növbəti mövsüm oyunlara Böyükağa Hacıyev hazırlayıb. Naxçıvanlılar onun rəhbərliyi altında ilk mərhələdə birinci "altılığ"a iddia etsələr də, sonda 8-ci yerdə qərar tutublar. Ancaq komanda ikinci mərhələdə iştirakdan imtina edərək, fəaliyyətini dayandırıb. Həmin mövsüm II mərhələnin gedişində digər klublar da AFFA-ya etiraz əlaməti olaraq çempionatda iştirakdan imtina ediblər.

 

Texniki məğlubiyyətlər, kubokdan çəkilmə...

Öncəki mövsümdə kuboka qatılmayan "Araz" 2001-02 mövsümündə 1/8 final mərhələsinin ilk matçında "Kəpəz"lə qolsuz bərabərə qalsa da, cavab görüşünə çıxmayıb və gəncəlilər mərhələ adlayıblar. Naxçıvanın ikinci dəfə peşəkar futbolla vidalaşması həmin vaxt bir çox söz-söhbətə yol açıb. Bəziləri bu qərarı Naxçıvanda "Neftçi"yə qarşı keçirilən qarşılaşma ilə əlaqələndirirlər. 2001-ci il dekabrın 15-də baş tutan həmin mübahisəli oyundan sonra cəmi 1 matça çıxan ("Qarabağ-Azərsun" - 0:3) "Araz" rəhbərliyin qərarı ilə çempionatdan imtina edib və ilk mərhələnin qalan 4 oyununda texniki məğlubiyyət alıb. 2002-ci ildə isə komandanın fəaliyyətini dayandırması elan edilib.

 

Digərləri

1994-97-ci illərdə Naxçıvan komandası I divizionda iştirak edib. Həmin vaxt "Qartal" adı ilə mübarizə aparan klub ev oyunlarını Bakıda keçirib. Bu komanda bir müddət “Naxçıvan” adını da daşıyıb. Lakin muxtar respublikanı deyil, Bakını təmsil edib.

İki il sonra eyniadlı futzal komandası yaradılıb. 2005-ci ildən etibarən Naxçıvan Futbol Federasiyası hər il həvəskarlar arasında çempionat keçirməyə başlayıb. 2005-06 mövsümündə "Şərur" muxtar respublikanı I divizionda təmsil edib.

 

İkinci qayıdış və ilyarımlıq ömür

Böyük futbol Naxçıvana 11 illik fasilədən sonra 2013-cü il martın 18-də qayıdıb. Ali Məclisdə keçirilən müşavirədə muxtar respublika rəhbəri “Araz-Naxçıvan” klubunun yaradılması haqqında tapşırıq verib. Dərhal əməli fəaliyyətə start verilib, yeni komandanın formalaşdırılması istiqamətində konkret addımlar atılıb və baş məşqçi postuna təcrübəli Əsgər Abdullayev gətirilib. "Araz-Naxçıvan" adı altında 2013-14 mövsümündə I divizionun rəqibsiz çempionu olan komanda ölkə kubokunda isə yarımfinalın bir addımlığında "Xəzər Lənkəran"a məğlub olub. Növbəti il yüksək liqaya qayıdan "Araz-Naxçıvan" mövsümə olduqca uğursuz start götürüb. İlk 11 turda aktivinə cəmi 4 xal yazdıran komanda "Qarabağ"a böyükhesablı (0:4) məğlubiyyətdən sonra noyabrın əvvəlində fəaliyyətini dayandırdığını elan edib. Buna səbəb kimi isə bir neçə matçda hakimlərin onlara qarşı ədalətsiz mövqe tutmaları və qərəzli idarəçilik etmələri göstərilib. Komanda oyunların 50 faizdən azını keçirdiyindən, onun nəticələri ləğv edilib və mövsüm 9 klubla davam etdirilib. 2014-cü il noyabrın 17-də AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın çempionatdan xaric edildiyini rəsmən bəyan edib. Naxçıvan futbolu isə həmin vaxtdan sonra muxtar respublika birinciliyi ilə kifayətlənməli olub.

 

 

SSRİ dönəmindəki nəticələr:

 

Mövsüm

Çempionat

O

Q

H

M

T/F

X

Yer

1968

“B” sinifi, III zona

40

5

11

24

23-70

21

20/21

1969

“B” sinifi, Zaqafqaziya zonası

38

8

9

21

18-49

25

20/20

1970

“B” sinifi, II zona, II yarımqrup

34

6

6

22

28-69

18

17/18

1977

II dəstə, IV zona

42

10

4

28

33-102

24

22/22

1978

II dəstə, IV zona

46

9

5

32

38/111

23

24/24

1979

II dəstə, IV zona

46

27

3

16

88-78

57

6/24

1980

II dəstə, IX zona

30

6

7

17

23-60

19

16/16

1981

II dəstə, IX zona, ilkin mərhələ

30

7

7

16

21-41

21

13/16

1981

II dəstə, IX zona, 9-16-cı yerlər

44

10

11

23

37-63

31

14/16

1982

II dəstə, IX zona

32

9

4

19

27-60

22

14/17

1983

II dəstə, IX zona

32

6

5

21

32-75

17

16/17

1984

II dəstə, IX zona

32

8

6

18

30-41

22

16/17

1985

II dəstə, IX zona

30

4

9

17

18-53

17

15/16

1986

II dəstə, IX zona

30

12

6

12

33-47

30

11/16

1988

II dəstə, VII zona

36

18

1

17

52-54

37

7/19

1989

II dəstə, VII zona

40

21

2

17

61-48

44

9/21

1990

II dəstə, III zona, “A” yarımqrupu

22

13

5

4

38-13

31

2/12

1990

II dəstə, III zona, 1-12-ci yerlər

34

20

7

7

59-21

47

3/12

1991

II dəstə, III zona

38

2

3

33

20-107

7

20/20

 

 

Müstəqillik illərindəki nəticələr:

 

Mövsüm

Çempionat

O

Q

H

M

T/F

X

Yer

2000/01

Yüksək dəstə

20

4

2

14

16-60

14

10/11

2001/02

Yüksək dəstə, I mərhələ

22

6

6

10

25-43

24

8/12

2013/14

I divizion

30

25

4

1

66-11

79

1/16

 

 

"Oyun üslubu yox idi, düzgün futbol oynamırdıq"

SSRİ dönəmində "Araz"ın formasını geyinmiş ən məşhur oyunçulardan biri də Oqtay Abdullayev olub. Veteran futbolçu orda keçirdiyi illəri belə xatırlayır: "1977-ci ildə "Araz"ı yenidən formalaşdırmaq qərarına gəldilər. Ona qədər bir neçə il idi ki, komanda fəaliyyət göstərmirdi. Mən də 1977-79-cu illərdə "Araz"ın formasını geyindim, sonra "Neftçi"yə keçdim. Yeni komanda yaradanda ora Valentin Xlistovu baş məşqçi, Aleksandr Trofimovu isə ikinci məşqçi kimi göndərdilər. İlk ildə zəif oynadıq. Yeni yaranmış kollektiv olduğundan, heç oyun üslubu yox idi. Nəsə etməyə çalışırdıq, amma düzgün futbol oynamırdıq".

 

"Dedi ki, zəif oyna, səni komandasına götürməsin"

Onun sözlərinə görə, Əhməd Ələsgərovun gəlişi Naxçıvan futbolunun dirçəlməsinə səbəb olub. Hətta Abdullayev "Neftçi"nin əfsanəvi çalışdırıcısı ilə bağlı maraqlı xatirəsini də bölüşüb: "Əhməd Ələsgərov gələndən sonra komandanı düzəltdi. Xlistov gedəndə mən də ayrılmışdım. Ələsgərov gələndə ona dedilər ki, Oqtay yaxşı oynayır, onu buraxmaq olmaz. Həmin vaxt "Avtomobilçi"də toplanışda idim. Əhməd müəllim məni israrla komandasına çağırdı. Çox dedi, ancaq buna həvəslə yanaşmırdım. Ona dedim ki, axı sən mənim oyunumu görməmisən, haqqımda nə bilirsən? Həmin vaxtlar hər il çempionatın startı öncəsi turnirlər keçirilirdi. Əhməd müəllim turnirdə oynamağımı təklif etdi. Ora gedəndə, Xlistov mənə dedi ki, zəif oyna, səni komandasına götürməsin. Amma yaxşı oynadım, qol da vurdum. Əhməd müəllim də gəlib dedi ki, ya "Araz"da mənim rəhbərliyim altında oynayacaqsan, ya da karyeranı bitirəcəksən. Onun da həmin vaxt sözü keçirdi. Orda qalası oldum. Yaxşı kollektiv qurdular. Maşallah Əhmədov gəldi, Əhməd Ələsgərov özü ilə Odessadan 5 güclü futbolçu gətirdi. Çempionatın ilk görüşündə məğlub olduq, ondan sonra ardıcıl qələbələr qazandıq. Yaxşı yadıma gəlir, Tolyattiyə oyuna getmişdik. Matçdan əvvəl elan edirdilər ki, "Araz" keçən mövsüm axırıncı yeri tutub, 135 qol buraxıb və s. Bunları deyib gülürdülər. Amma yeni yaranmış kollektivdən xəbərləri yox idi. Həmin oyunda onları darmadağın etdik. İlk dövrədən sonra Əhməd Ələsgərov "Neftçi"yə keçdi, məni, Maşallahı, Oleq Axanovu, Qriqori Sapojnikovu və İqor Sokolovskini özü ilə gətirdi. O vaxt gətirilən legioner futbolçular yerlilərdən 3-5 baş güclü olardı ki, burdakıları öyrətsinlər. "Çernomorets"dən də "Araz"a güclü futbolçular gətirilmişdi, kapitanları gəlmişdi. Onlar bizə futbolu necə oynamaq lazım olduğunu öyrədirdilər. Həmin oyunçular sonra "Neftçi"yə keçdilər. Amma indi bizimkilər əcnəbilərə futbol oynamağı öyrədirlər".

 

"Azarkeşlər öz aralarında pul yığıb mükafat verirdilər"

Keçmiş futbolçu Naxçıvanda futbola olan maraqdan da ağızdolusu danışıb. O, yerli əhalinin oyunçulara fərqli gözlə baxdıqlarını sözlərinə əlavə edib: "Əvvəllər Naxçıvanda evlər palçıqdan olardı. Orda kasıblar axırıncı toyuqlarını kəsib, bizi evlərinə qonaq dəvət edirdilər. Naxçıvanda futbola böyük maraq, istək var idi. Həmin vaxt dostlarım Lənkəranda oynayırdılar. Müqayisə üçün deyim ki, Naxçıvanda futbolu dəhşət çox sevirdilər. Küçə ilə gedəndə taksi sürücüsü yanımızda saxlayırdı, camaat düşürdü, bizi otuzdururdu. Restorana, bazara gedirdik, bizdən pul götürmürdülər. Toy olanda bizi dəvət edirdilər, dəvətnamələrə isə yazırdılar ki, "Araz" futbol komandasının da iştirakı olacaq. Tanınmış bir insan rayona gedəndə hamı necə başına yığışırsa, bizim də başımıza o cür toplaşırdılar. Komandaya o dərəcədə sevgi var idi. Oyun saat 5-də idisə, 3-də stadionda boş yer olmurdu. Bəziləri özü ilə oturacaq gətirirdi, bəziləri daşın üstündə otururdu. Bir sözlə, futbolçulara fərqli gözlə yanaşırdılar. Heç bir rayonda futbolçuya belə gözəl münasibət olmurdu. Hər oyunda azarkeşlər öz aralarında pul yığıb mükafat verirdilər, radio, televizor alıb hədiyyə edirdilər".

 

"Futbolçu yetişirdi, ancaq axıra qədər gedə bilmirdi"

SSRİ dönəmində "Araz"ın yetişdirdiyi ən güclü futbolçu Böyükağa Hacıyev hesab edilirdi. Ancaq o da heç "Neftçi" səviyyəsində futbolçu olmayıb. Oqtay Abdullayev Naxçıvandan güclü futbolçuların çıxmamasının səbəbini komandanın tez-tez fəaliyyətini dayandırması ilə əlaqələndirir: "Naxçıvanda yaxşı futbolçu var idi. Məsələn, Böyükağa Hacıyev oranın yetirməsi idi. Biz oynayan dövrdə komandaya kapitanlıq edirdi. Bilirsiniz, güclü futbolçunun yetişməsi üçün gərək yerli komanda daim futbol oynasın. Futbol orda 2-3 il olurdu. Məsələn, "Neftçi" illərdi fəaliyyət göstərir, gənclər həmişə oranın veteranlarından öyrənirlər. Biz "Araz"da oynayan dövrdə balaca uşaqların futbola həvəsləri artdı, bu sahəyə meyilləndilər. Yaşayışımızı, bizə olan münasibəti görüb həvəsləndilər, başladılar futbol oynamağa. 2-3 ildən sonra komanda dağılırsa, uşaqlar kimə baxıb öyrənəcəklər, həvəslənəcəklər? Güclü futbolçunun üzə çıxması üçün həmin zonanın uzunömürlü komandası olmalıdı. Naxçıvanda da futbolçu yetişirdi. Sadəcə, dediyim problem üzündən axıra qədər gedə bilmirdi".

 

"Deyərsən ki, heç o dövr olmayıb"

Müstəqillik dönəmində Naxçıvan təmsilçisi müxtəlif illərdə iki dəfə yüksək dəstədə çıxış etsə də, çox keçmədən fəaliyyətini dayandırmalı olub. Abdullayev isə muxtar respublikanı futbolsuz təsəvvür edə bilmir: "Komandanın uzunömürlü olmaması rəhbərliyindən asılıdı. Futbolu sevən adamlar olmalıdı. Ölkə başçımız İlham Əliyev Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçiləndə dedi ki, ilk növbədə şərait yaratmalı, sonra nəticə tələb etməliyəm. Naxçıvanda da futbol oynamaq üçün hər cür şərait yaradılıb. Bu yaxınlarda ora getmişdim. Açığı, Naxçıvanı tanımadım, çox dəyişilib. Biz oynayan dövrlə indiki arasında yerlə-göy qədər fərq var. Deyərsən ki, heç o dövr olmayıb. Çox təəssüf ki, bu cür şəraiti olan yerdə indi futbol yoxdu. Gərək rayon rəhbərliyi, idman komitəsi, nazirlik kömək etsinlər. Orda futbol mütləq olmalıdı".

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0