[b]“Hədəf yalnız çempionluqdu” – “Qalatasaray”ın yeni baş məşqçisi[/b]
17.02.2017 - 11:35
[b]“Hədəf yalnız çempionluqdu” – “Qalatasaray”ın yeni baş məşqçisi[/b]

“Hamımızın məqsədi “Qalatasaray”ı uğurlu şəkildə təmsil etməkdi. Belə böyük klubda çalışmaq imkanı əldə etdiyim üçün prezidentə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın yeni baş məşqçisi İqor Tudor deyib.

 

Yan Olde Riekerinkin istefasından sonra dünən “cim-bom”un “sükanı arxası”na gətirilən xorvatiyalı mütəxəssis il yarımlıq müqaviləyə imza atıb. Təqdimat mərasimində hədəflərindən söz açan Tudor “sarı-qırmızılılar”a uğur qazandırmaq arzusunda olduğunu söyləyib. Öncə fikirlərini bildirən 39 yaşlı çalışdırıcı ardından jurnalistlərin suallarını cavablandırıb: “Mənim üçün sistem önəmli deyil. Bir komandanın 3, yoxsa 4 müdafiəçi ilə çıxış etməsinin elə ciddi bir fərqi yoxdu. Əsas komanda ruhudu. Sistemlər dəyişdirilə bilər. Amma mənim komandam hamı ilə birlikdə müdafiə olunmalı və birlikdə hücum etməlidi. Bu, asan deyil, amma heç həyat da asan keçmir. Bir az zamana ehtiyac var”.

 

- “Real”dan təklif alsanız, “Qalatasaray”dan ayrılarsınız?

- Bir il sonrası haqda danışmaq mənasızdı. Qarşıda 14 oyunumuz var. Həm mənim, həm də köməkçilərimin məqsədi komandanı çempion etməkdi. Məncə, bu, indinin sualı olmamalıdı.

 

- Lider “Beşiktaş”ı taxtından sala biləcəksinizmi?

- Hədəf yalnız çempionluqdu. Bəzi sözlər işlənə bilər. “Beşiktaş” ötən mövsüm çempion olmuş komandadı və hazırda turnir cədvəlinə başçılıq edir. Amma biz qalan görüşlərin hamısında qələbə qazanaraq, hədəfə çatmaq niyyətindəyik.

 

- “Karabükspor”dan fərqli, “Qalatasaray”da ciddi təzyiq altında işləyəcəksiniz. Buna hazırsınızmı?

- “Hayduk” (Split), “Yuventus”... 10 yaşımdan bəri bu tip təzyiqlərin içindəyəm. Futbolun mühiti belədi. 38 yaşım var, amma özümü daha yaşlı hiss edirəm. Təcrübə çox önəmli deyil. Bir az şişirdildiyini düşünürəm. Əsas bildikləriniz və istedadınızdı. “Ən yaxşı məşqçi təcrübəli məşqçidi” deyiriksə, deməli, dünyanın ən yaxşısının 80 yaşı olmalıdı. Ən yaxşı olmaq istedadla əlaqəlidi.

 

- Məşq proqramına görə tənqid olunursunuz. Sizin dönəminizdə PAOK-un oyunçularının məşqlərdə zədələndiyi bildirilir...

- Orta səviyyədə məşqlər keçirik. PAOK-da olarkən futbolçuların məşqlərdə tez-tez zədələnməsi xəbərləri doğru deyildi. “Qalatasaray”da məşq proqramımızı günlük müəyyənləşdirəcəyik. Futbolçuların tələbələri də bu baxımdan önəmlidi. Həmçinin limitə görə də dəyişikliklər mümkündü.

 

- “Qalatasaray” azarkeşləri komandadan incikdilər. Onlarla münasibəti necə düzəltməyi planlaşdırırsınız?

- Baxımlı oyun sərgiləsək, azarkeşlər mütləq stadiona gələcəklər. Ən yaxşı oyunumuzu göstərib, onları yanımızda görməyə çalışacağıq.

 

- Komandanı hansı sistemlə oynadacaqsınız?

- “Qalatasaray” kimi böyük bir klubdasınızsa, oyunlarda dominantlıq etməyə çalışmalısınız. Ancaq eyni zamanda müdafiədə də sayıqlığı əldən vermək olmaz. Eqoları və adları bir kənara qoyub, yumruq kimi mübarizə aparsaq, hər zaman qələbə qazanacağıq. İlk olaraq müdafiədə diqqəti artıracağıq. Sneyder də güclü futbolçudu və onunla münasibətimiz yaxşı olacaq.

 

- “Karabükspor”un prezidenti sizi komandanı yolun yarısında atmaqda günahlandırıb...

- “Karabükspor”da olanda əsas hədəfimiz liqada qalmaq idi. İndiki vəziyyətlərinə baxsaq, daha 3 qələbə qazansalar, 90 faiz Superliqada qalacaqlar. Sabiq prezidentə daim minnətdar olmuşam. Mənə Türkiyədə çalışmaq şansı yaratdı. Amma son açıqlamaları çox yanlışdı. Bu mövsüm Türkiyədə 10 baş məşqçi istefa verib. Məşqçi gedəndə, “futbol budu” deyirlər, amma əxlaqi məsələlərdən heç kim danışmır. Ortada müqavilə var və buna uyğun hərəkət edilir.

 

- Bəs PAOK-dan ayrılmağınızın səbəbi nə olmuşdu?

- PAOK-dan ayrılmadım, rəhbərlik məni istefaya göndərdi. Mənə dedilər ki, köməkçilərindən birini göndərəcəyik. Cavabında bildirdim ki, onlar getsə, mən də gedəcəm. Orda gözəl günlərimiz oldu. Ancaq çempionluq tələb edirdilər. Yunanıstanda “Olimpiakos” həqiqəti var. Təzyiq altında çalışmağı xoşlayan məşqçiyəm. “Qalatasaray”ın da müsbət və mənfi cəhətlərini dəyərləndirmək lazımdı.

 

- Sizcə, hazırda dünyanın ən güclü məşqçisi kimdi?

- Məncə, Antonio Konte. Bir ay əvvəl onunla söhbət etdim. Ümumiyyətlə, bütün məşqçilərin ən yaxşı xüsusiyyətlərini izləyib, hərəsindən bir şey qazanmağa çalışıram.

 

0