[b]“Məndən çoxları bu nailiyyəti gözləyirdi” - MÜSAHİBƏ[/b]
19.05.2017 - 00:00
[b]“Məndən çoxları bu nailiyyəti gözləyirdi” - MÜSAHİBƏ[/b]

IV İslam Həmrəyliyi Oyunlarında qadınların 49 kq çəki dərəcəsində qızıl medal qazanan taekvondoçu Patimat Abakarovanın apasport.az saytına müsahibəsi

 

- Bakıda keçirilən İslamiadada qızıl mükafatçı olacağınızı gözləyirdinizmi?

- Qızıl medala ümid edirdim. Məndən çoxları bu nailiyyəti gözləyirdi. Çempion olaraq, etimadları doğrultdum.

 

- Ölkəmizdə keçirilmiş I Avropa Oyunlarında bürünc mükafat əldə etmişdiniz. Bu dəfə isə qızıl medala sahib çıxdınız. Bu, təcrübənizin artması ilə əlaqədardı, yoxsa 2 il öncəki yarışla müqayisədə, rəqiblərinizin zəif olması ilə?

- Avropa Oyunlarında da birinci olmaq arzusunda idim. Amma istəyim həyata keçməmişdi. Belə deyim, bunun üçün bir qədər çatmamışdı. İslamiadada onun əvəzini çıxdım (gülür). Təbii ki, bu, təcrübəmin çoxalması ilə əlaqədardı. Bəlkə də təcrübəsizliyə görə, Avropa Oyunlarında “qızıl” əldə edə bilməmişdim. İdmanda təcrübə böyük rol oynayır.

 

- İslamiadadakı uğurunuzda azarkeşlərin dəstəyi nə dərəcədə rol oynadı?

- Əvvəla onu deyim ki, təşkilatçılıq yüksək səviyyədədi. İnsanların mənə verdikləri dəstəkdən də çox razıyam. İmza atdığım uğurda onların rolu danılmazdı. Xüsusilə, yarımfinal və final döyüşlərimdə zal tam dolmuşdu və mənə sona qədər dəstək oldular.

 

- Dünya çempionatında sizdən hansı medalı gözləyək?

- Qarşıda bizi dünya çempionatı gözləyir. Yarış Koreyada keçiriləcək. Digər taekvondoçularımız kimi, mən də bir qədər istirahət etdikdən sonra bu turnirə hazırlaşacağam. Dünya çempionatında özümdən İslamiadadakı nəticəni gözləyirəm. Bunu bacarıb-bacarmayacağım isə yarış vaxtı bilinəcək.

 

- Hər halda, dünya çempionatındakı rəqibləriniz daha güclü olacaq...

- Razıyam. Axı yarışa dünyanın ən güclü taekvondoçuları qatılacaqlar. Söhbət dünya çempionatından gedirsə, deməli, çətin olacaq.

 

0