[b]“Zirə” daha 2 futbolçu ilə anlaşdı[/b]
24.05.2017 - 15:44
[b]“Zirə” daha 2 futbolçu ilə anlaşdı[/b]

“Zirə”də daha iki yerli futbolçunun gələcək aqibəti bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Aleksandr Şemonayevlə yarımmüdafiəçi Vüqar Mustafayev barədə qərar verib.

 

Azərbaycanı Avropa Liqasında təmsil edəcək bakılılar bu üzdən ilk növbədə öz oyunçuları ilə bağlı problemi yoluna qoymağa çalışır. Yerlilərin əksəriyyətini komandada qalmağa razı salan “Zirə” Şemonayev və Mustafayevlə də anlaşıb.

 

Hər iki oyunçunun qarşıdakı mövsümü hazırkı klubunda keçirəcəyi artıq dəqiqləşib. Aleksandr yeni 1 illik anlaşmaya qol çəkibsə, müqavilə ilə “Qarabağ”a məxsus olan Vüqarın yenidən icarəyə götürüləcəyi, yoxsa birdəfəlik alınacağı müəyyənləşməyib. Sadəcə, Ağdam təmsilçisi onun “Zirə”də qalacağına söz verib.

 

Bununla da “Zirə” müqavilə müddəti başa çatan Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi və Yovan Krnetadan sonra Aleksandr Şemonayev və Vüqar Mustafayevi də komandada saxlayıb.

 

Qeyd edək ki, Aleksandr Şemonayev 2015-ci ilin yayında AZAL-ı “Zirə”yə dəyişibsə, Vüqar Mustafayev ötən ilin yanvarından bu klubda icarə əsasında çıxış edir.

0