Vüqar Həşimov: “Mən heç bir şahmatçıdan çəkinmirəm”
30.04.2008 - 13:27
Vüqar Həşimov: “Mən heç bir şahmatçıdan çəkinmirəm”
- İndiyədək superturnirlərdə iştirak etməmisiniz. Bu baxımdan Qran-Pridə liderliyə yüksəlmək sizin üçün gözlənilməz olmadı ki?
- Xeyr. Son zamanlar sabit oyun göstərirəm, reytinqimi qaldırıram. Diqqət yetirmisinizsə, bu yarışda çox güclü şahmatçılara qalib gəldim. Bundan əvvəl Rusiya Premyer Liqasında keçmiş dünya çempionu Ruslan Ponomaryovu məğlub etmişdim. Bilirdim ki, nə vaxtsa elitaya qalxacağam. Açığı, Bakıda belə yarışın təşkil edilməsi məni yaxşı mənada təəccübləndirdi.
- Milli komandamızın üzvlərindən Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov elitar şahmatçılar sırasında yer alsalar da, nədənsə siz kənarda qalmışdınız.
- Mən belə deməzdim. Sadəcə, 6 il şahmat oynamadım.
- Bunun səbəbi nə idi?
- Səhhətimdəki problem. Bir müddət fasilə etmək qərarına gəlmişdim. 1995-1996-cı illərdə Teymur və Şəhriyarla birgə oynayırdıq və iki dəfə Azərbaycan çempionu olmuşam. Daha sonra ardıcıl 7 il dünya və Avropa çempionatlarından vətənə medallar gətirdim.
- Qran-Pridə məğlubedilməzlər siyahısındasınız. Necə fikirləşirsiniz, bu seriyanı qoruyub saxlaya biləcəksinizmi?
- Burada konkret məqsəd uduzmamaq deyil, qələbə qazanmaqdır. Yarışın başa çatmasına 5 tur qalıb. Arxayınlaşmaq olmaz və sonadək mübarizə aparmaq lazımdır.
- Demək olarmı ki, titullu şahmatçımızın problemi yoxdur?
- Problemim var. Özü də bu, sırf şahmatla bağlıdır. Digər zəka sahibləri ilə müqayisədə şəxsi məşqçim olmadığından tez-tez problemlə üzləşirəm. Şahmatdan ayrı düşdüyüm dövrdə bu idman növü sürətlə inkişaf edib, debütlər xeyli dəyişib. Şəxsi məşqçinin olması vacibdir.
- Bununla bağlı federasiya rəhbərliyi sizə kömək etmək istəmir?
- Yəqin ki, tezliklə xaricdən mütəxəssis dəvət olunmaqla, bu problem həllini tapacaq. Hələlik onun kimliyi müəyyənləşməyib. Yarış iştirakçılarının əksəriyyətinin köməkçisi var ki, onlar əvvəlcədən hər şeyi edirlər və şahmatçı rahatlaşır. Özüm hazırlaşanda istər-istəməz yoruluram, vaxt çatışmazlığı olur. Onsuz da oyunlar gərgin keçir. Axıradək tab gətirmək üçün fiziki hazırlıq yüksək səviyyədə olmalıdır.
- Yığmanın baş məşqçisi Fikrət Sideifzadə məsləhətçiniz təyin edilsə, yaxşı olmazmı?
- Fikrət müəllim uzun müddətdir çalışır və bu səviyyədə işləmək ona çətin olar. Gərək o, hər şeyi buraxıb bir şahmatçı ilə işləsin, gün ərzində ən azı 4-5 saat sərf etsin. Digər tərəfdən, Qran-Pridə yarışan üç azərbaycanlıya bir məşqçi kifayət etmir. Həm də nəzərə almaq lazımdır ki, bu turnirdə bir-birimizə rəqibik.
- Yəqin ki, istədiyiniz qədər dincələ bilmirsiniz...
- Mümkün qədər çox yatmaq lazımdır (gülür). Gün ərzində 8-9 saat yatsam da, bu, kifayət etmir. Ancaq nə etmək olar? Reallıqla barışmaq lazımdır.
- Partiyalarda daha çox kitab variantlarından istifadə etməyi xoşlayırsınız, yoxsa yenilikləri?
- Partiyaların gedişinə uyğun oynamaq vacib şərtdir. Şahmatda milyonlarla variant var ki, bunu yadda saxlamaq qeyri-mümkündür. Oyun vaxtı unudulan nəsə olur. Çalışıram ki, debütləri düzəldim.
- Teymur Rəcəbovla görüşdə bir-birinizə güzəşt etmədiniz ki?
- Lövhə arxasında rəqibik, kənarda isə yaxşı münasibətdəyik.
- Növbəti turda rəqibiniz Şəhriyar Məmmədyarovu məğlub etmiş İvan Çeparinov olacaq...
- Rəqiblərin hamısına hörmətlə yanaşsam da, heç birindən çəkinmirəm. Mən Çeparinovla görüşdə də öz oyunumu oynayacağam.
- Qran-Prinin qalibi olmaq şansınız nə dərəcədədir?
- Şansım böyükdür. Lakin bu barədə geniş danışmaq hələ tezdir. Debütlərdən, oyunların gedişindən çox şey asılıdır.
0