[b]Gimnastlarımızdan ilk - FOTO[/b]
13.11.2017 - 09:27
[b]Gimnastlarımızdan ilk - FOTO[/b]

Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası üzrə keçirilən dünya çempionatı başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 34 ölkənin iştirakçılarının qatıldığı mundialda Azərbaycan təmsilçiləri Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirov da mübarizə aparıb.

 

Ən yaxşıların qatıldığı mübarizədə fərqlənmək hər nə qədər çətin olsa da, Svetlana və Veronikadan ibarət qadın cütlüyümüz sinxron proqramda ilkə imza ataraq, final mərhələsinə yüksəliblər. Qızlarımız həlledici mərhələdə yarışları 7-ci yerdə başa vurublar. Makştaryova həmçinin fərdi proqram üzrə yarımfinalda iştirak edib və bu mərhələdə 17-ci yerlə kifayətlənib.

 

Bu turnir ölkəmiz üçün daha bir hadisə ilə əlamətdar olub. Belə ki, məhz batut gimnastikası üzrə dünya çempionatında ilk dəfə olaraq Azərbaycan təmsilçisi Kamil Quliyev yarışlarda hakimlik edib.

 

Çempionatın ardınca Sofiya növbəti mötəbər turnirə - dünya yaş qrupu yarışlarına ev sahibliyi etməyə hazırlaşır. Noyabrın 16-19-da keçiriləcək yarışlarda ölkəmizi batut və tamblinq üzrə gimnastlarımız Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Zeynəb Qasımlı və Selcan Mahsudova təmsil edəcəklər.

 

Qeyd edək ki, 2018-ci ilin aprelin 12-15-də batut, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa çempionatını Bakı qəbul edəcək.

0