[b]Harçeqani ili “bürünc”lə bitirdi[/b]
30.12.2017 - 12:46
[b]Harçeqani ili “bürünc”lə bitirdi[/b]

Bu gün Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam” seriyasına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, yanvarın 30-dək davam edəcək turnirdə yığmamızın üzvlərindən dayanq üzərinə ilk olaraq Milad Beiqi Harçeqani çıxıb. 80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz mübarizəyə 1/4 finaldan başlayıb. O, yarımfinala gedən yolda norveçli Riçard Andre Ordemanna 29:22 hesabı ilə qalib gəlib. Rio-2016-nın bürünc, IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı ardınca rusiyalı Maksim Xramtsovla üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb – 19:6.

 

Harçeqani 3-cü yer uğrunda da rusiyalı taekvondoçu ilə qüvvəsini sınayıb. O, bu dəfə qarşılaşmadan üstün ayrılıb. Milad Anton Kotkovu 17:7 hesabı ilə məğlub edərək, ili bürünc medalla başa vurub.

 

Bu çəki dərəcəsində qalib adına Xramtsov layiq görülüb. O, finalda cənubi koreyalı Hvan Namqunqdan üstün olub - 35:29.

 

Qeyd edək ki, turnirdə mübarizə aparacaq digər taekvondoçumuz, IV İslam Həmrəyliyi Oyunların qalibi Ayxan Tağızadə (68 kq) yanvarın 6-da, eləcə də dünya və Avropa çempionu, Rio-2016-nın qızıl medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsayev isə yanvarın 13-də döyüşlərə qatılacaq.

 

Hər çəki dərəcəsində 12 idmançı mübarizə aparır və yarışlar ay ərzində həftəsonları baş tutacaq.

0