[b]“Qabi “Qarabağ”la oyundan sonra demişdi ki...”[/b]
14.02.2018 - 12:52
[b]“Qabi “Qarabağ”la oyundan sonra demişdi ki...”[/b]

“Atletiko”nun müdafiəçisi Lukas Ernandes komandasının Avropa Liqasında çıxış etməsinə münasibət bildirib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, gənc oyunçu Çempionlar Liqası ilə müqayisədə bu turnirə marağın az olduğunu bildirib.

 

Jurnalist madridlilərin kapitanı Qabinin qrup mərhələsində “Qarabağ”la Madriddə baş tutan qarşılaşmadan sonrakı açıqlamasını 22 yaşlı fransalı futbolçuya xatırladaraq, Avroliqaya yenə yuxarıdan aşağı baxıb-baxmadıqlarını soruşub.

 

Lukas isə qitənin ikinci dərəcəli turnirinə indi fərqli gözlə baxdıqlarını söyləyib: “Düzdü, Qabi “Qarabağ”la oyundan sonra demişdi ki, Avroliqa mənasız turnirdi. Əlbəttə ki, Çempionlar Liqası bir başqadı. Ancaq indi hər şey dəyişir. Bilirik ki, bu, fərqli, gözəl rəqabətdi. Mübarizəyə yeni qoşuluruq və mümkün qədər çox irəliləmək istəyirik”.

 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la hər iki görüşdə heç-heçə edən (0:0, 1:1) “Atletiko” 3-cü yeri tutaraq Avropa Liqasına yollanıb. Madrid təmsilçisi 1/16 final mərhələsində “Qarabağ”ın cari mövsümdəki digər qurbanı olan “Kopenhagen”lə qarşılaşacaq.

0