[b]“Özümdən çıxıb, çox çılğın davrandım” – cəzalandırılan məşqçi[/b]
21.02.2018 - 14:27
[b]“Özümdən çıxıb, çox çılğın davrandım” – cəzalandırılan məşqçi[/b]

“Mənə kəsilən cəza ilə razıyam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib.

 

Ölkə çempionatının XVI turunda “Zirə” ilə qarşılaşmada (2:1) texniki zonadan uzaqlaşdırılan Qurbanov AFFA-nın İntizam Komitəsinin (İK) cəzasına məruz qalıb. “Qırmızı-qaralar”ın məşqçisi texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanmaqla yanaşı, komandasını 800 manat xərcə salıb.

 

Bununla bağlı danışan Qurbanov İK-nin qərarının haqlı olduğunu bildirib: “Haqlı qərardı. “Zirə” ilə matçın gedişində rəqib futbolçu Ozobiçin formasından dartdı. Filip yıxılmadı, hakim isə oyunu davam etdirdi. Həmin hücumun yekununda “Zirə” qol vurdu. Buna görə də, özümdən çıxdım. Etiraf edim ki, o anda çox çılğın davrandım. Sonra oyunun videosuna baxanda da bunun şahidi oldum. Sadəcə, məğlub duruma düşdüyümüz üçün özümü saxlaya bilmədim, yan xətt hakiminə sərt şəkildə etirazımı bildirdim. Oyundan sonra baş hakim Rauf Cabbarovla da söhbət etdik. O, mənə izah etdi ki, Ozobiç yıxılsaydı, qayda pozuntusunu qeydə alacaqdı. Amma Filipin yıxılmaması hakimin qərarını dəyişib. Mənə kəsilən cəzadan narazılığım yoxdu. Texniki zona qaydasını pozduğuma görə 1 oyunluq cəzalandırılmışam. Gələcəkdə bir də belə halın olmamasına çalışacam”. 

0