Helsinkidən yenə əliboş
11.10.2008 - 19:56
Helsinkidən yenə əliboş
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində bü gün Finlandiya ilə qarşılaşıb. “APA-Sport”un məlumatına görə, Helsinkinin Olimpiya stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.

Yığmamızın start heyətində Kamran Ağayev, Rəşad Sadıqov, Rail Məlikov, Saşa Yunisoğlu, Mahir Şükürov, Aleksandr Çertoqanov, Samir Abbasov, Elvin Məmmədov, Zeynal Zeynalov, Leandro Qomeş və Branimir Subaşiç yer alıb. 4-5-1 taktiki sxemini seçən Berti Foqts əsasən müdafiə futboluna üstünlük verib. Bunun məntiqi nəticəsidir ki, oyun finlandiyalıların ərazi üstünlüyü şəraitində keçib.

Qarşılaşmada ilk real qol epizodunu Finlandiya komandası yaradıb. Lakin qapıçımız Kamran Ağayev rəqib futbolçunun yaxın məsafədən vurduğu zərbəni qaytarıb. “Xəzər-Lənkəran” klubunun da şərəfini qoruyan 22 yaşlı qapıçı ilk hissədə yığmamızı daha bir neçə real qoldan xilas edib. Bu müddət ərzində milli komandamızdan yalnız Rail Məlikovun qüvvətli zərbəsi yadda qalıb.

Fasilədən sonra təzyiqi artıran finlandiyalılar istəklərinə çatıblar. 62-ci dəqiqədə görüşün şotlandiyalı baş hakimi Uilyam Kollum Saşa Yunisoğlunun cərimə meydançasında rəqib komandanın kapitanı Sami Hyuyupya qarşı kobud oynadığını bildirərək, penalti təyin edib. Topa yaxınlaşan Mikael Forssell şansını boşa verməyib - 1:0. Qalan vaxtda tərəflərin səyinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, Berti Foqtsun yetirmələri dünya çempionatının seçmə qrup mərhələsində ikinci dəfə məğlubiyyətə üzləşiblər. Yığmamız sentyabrın 6-da səfərdə Uelsə 0:1 hesabı ilə uduzmuşdu. Onu da qeyd edək ki, milli komandamızın Helsinkidəki məğlubiyyətlərinin sayı 4-ə çatıb. Finlandiyalılar öncə futbolçularımıza daha 3 dəfə (3:0; 3:0; 2:1) qalib gəlmişdilər.


0