Podolski Azərbaycanla oyuna çağırılmasını istəmir
03.11.2008 - 17:58
Podolski Azərbaycanla oyuna çağırılmasını istəmir
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniya yığmasının hücumçusu Lukas Podolski şərəfini qoruduğu “Bavariya” klubunu qışda tərk etmək fikrindədir. “APA-Sport”un məlumatına görə, 24 yaşlı futbolçu Münhen təmsilçisində ehtiyatda qalmasından bezib.

“Bavariya”nın baş məşqçisi Yurgen Klinsmanın milli komandanı çalışdırdığı vaxtda da əsas heyətdən kənarda qoyduğu Podolski belə münasibətə daha dözə bilmir. Klinsmanın hücum xəttində Miroslav Kloze – Luka Toni duetinə üstünlük verməsi Lukası sonradan meydana çıxması ilə nəticələnir. Onun səbir kasası bundesliqanın son turunda “Arminiya” ilə görüşdən sonra daşıb: “Təbii ki, yanvarda taleyimin necə olacağı ilə bağlı fikirləşirəm. “Transfer pəncərəsi”nin açıq olduğu həmin vaxtda karyeramı harada davam etdirəcəyimi götür-qoy etmək kifayət qədər normal haldır. Əslində, “Arminiya” ilə oyunda əsas heyətdən kənarda qalmağım məni təəccübləndirmədi. Sadəcə, yenidən ehtiyat oyunçular skamyasında oturmaq məni qəzəbləndirdi”.

Maraqlıdır ki, Klinsmanın sonradan şans verdiyi Podolski penalti zərbəsindən vurduğu qolla oyunda son nöqtəni (3:1) qoyub. Yetirmələrindən xüsusilə Lukası qeyd edən 44 yaşlı mütəxəssis onun oyunundan valeh olduğunu söyləyib. Podolski isə Klinsmanın yığmada köməkçisi olmuş, son iki ildə baş məşqçilik edən Yoahim Lövə tövsiyəsini verib: “Yəqin ki, mən də Lövdən gələcəkdə yalnız dünyanın ən güclü yığmaları ilə oyuna çağırılmağımı xahiş etməliyəm”.

Milli komandamızın bir qrupda yer aldığı Almaniya yığması ilə gələn ilin avqust və sentyabrında görüşəcəyini nəzərə alsaq, Lukas həmin oyunlarda iştirak etmək istəmir. Hər halda, Azərbaycan onun nəzərdə tutduğu dünyanın 20 ən güclü milli komandası arasında yer almır.


0