“İnter” Moskvada adaşı ilə qarşılaşa bilər
02.12.2008 - 10:47
“İnter” Moskvada adaşı ilə qarşılaşa bilər
Gürcüstanın ardından daha bir ölkə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində iştirakdan imtina edib. Apasport.az saytının məlumatına görə, son iki ildə yarışa qonaq qismində qatılmış Serbiya bu dəfə Rusiyaya yollanmamaq qərarına gəlib. İndi turnirin təşkilatçıları lazımi qədər komanda tapmağa çətinlik çəkirlər. Turnirin püşkatmasının bir həftə sonraya ertələnməsi də məhz bununla bağlıdır. Hərçənd, Rusiya Futbol İttifaqı (RFS) dekabrın 1-də püşkün atılmamasını texniki səbəblərlə əlaqələndirirdi.

RFS-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Sergey Kulikov iştirakçıların sayını düzəltmək üçün komanda axtardıqlarını bildirib. Rusiyalılar Bolqarıstan, Finlandiya və Sloveniyanın futbol federasiyalarına yarışda təmsil olunmaqla bağlı müraciət ünvanlayıblar. Finlandiyadan “İnter”, Bolqarıstandan MOİK, Sloveniyadan isə “Domjale” “Birlik kuboku”nda mübarizə apara bilər.

2009-cu il 17-26 yanvar aralığında Rusiyanın paytaxtı Moskvada baş tutacaq yarışda Azərbaycanı son ölkə çempionu “İnter” təmsil edəcək. Əgər Finlandiya çempionu turnirə gəlməyə razılaşarsa, onda Moskvada Bakı və Turku şəhərlərinin “İnter” komandalarının qarşıdurmasını izləmək mümkün olacaq.

Yeri gəlmişkən, Ukrayna çempionu “Şaxtyor” “Birlik kuboku”na üçüncü komandasını yollayacaq.
0