Andrey Rubin: Mən casus deyiləm!
05.12.2008 - 14:09
Andrey Rubin: Mən casus deyiləm!
“Maraqlı rəqiblərimiz var. “Ventspils”lə eyni qrupa düşməyimiz lap əla oldu. Həmyerlilərimlə görüşmək maraqlı olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun latviyalı yarımmüdafiəçisi Andrey Rubin deyib.

Cari mövsümdən ölkəmizdə çıxış edən 30 yaşlı futbolçu hazırda vətənində istirahət edir. “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin püşkatmasının nəticəsi haqda bizdən xəbər tutan Rubin Finlandiyanın “İnter” və Qırğızıstanın “Dinamo-Dordoy” klublarından fərqli, “Ventspils” haqda kifayət qədər məlumatlıdır: “Düzdür, indiyə kimi bu komandada çıxış etməsəm də, hər halda, mənə yaxşı tanışdır. Latviya çempionatında bu komandaya qarşı oynamışam. Etibarlı müdafiəsi ilə seçilən “Ventspils”ə qol vurmaq elə də asan deyil. Bu komanda qapısının toxunulmazlığını qoruyaraq, az qol vurmaqla qələbə qazanmaq taktikasına üstünlük verir”.

Rubin “İnter”lə “Ventspils”in qarşıdurmasına geniş prizmadan yanaşır: “Bu komandaların oyunu Azərbaycan, yaxud Latviya çempionatlarından hansının güclü olduğunu göstərəcək. Şəxsən mən “İnter”i “Ventspils”dən güclü sayıram. Ancaq hər şeyi meydandakı mübarizənin nəticəsi göstərəcək. Hesab edirəm ki, qrupda 1-ci yeri tutmaq şansımız yüksəkdir. İlkin vəzifə kimi bunu yerinə yetirmək lazımdır”.

Azərbaycan çempionunun heyətində latviyalı futbolçunun olması “Ventspils”in üzvlərini Rubindən məlumat toplamağa imkan yaradır. Ancaq Andrey casus rolunu oynamaq istəmir: “Mən peşəkar futbolçuyam. Hansı komandanın şərəfini qoruyuramsa, onun uğuru mənim üçün daha önəmlidir. İnanmıram ki, həmyerlilərim məni “İnter” haqda ciddi sorğu-suala tutsunlar. Məndən nəsə soruşsalar, ümumi məlumat verəcəyəm. Komandamızın sirlərini açmaq fikrində deyiləm. Moskva turnirində irəliləmək üçün çoxlu oyun keçirməliyik. Qrupdan çıxacağımız halda, potensialımız rəqiblər arasında “Şaxtyor”un olması yaxşıdır. Ukrayna çempionu ilə qarşılaşmaq maraqlı olardı”.

Qeyd edək ki, Rubin Premyer Liqanın ilk dövrəsində “İnter”in heyətində 9 oyunda 4 qol vurub.
0