Berti Foqtsun fəndləri və ayaqyalın futbolçular – FOTOSESSİYA
29.01.2009 - 13:06
Berti Foqtsun fəndləri və ayaqyalın futbolçular – FOTOSESSİYA
Futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan təlim-məşq toplanışına start verib. Apasport.az-ın məlumatına görə, AFFA-nın rəsmi İnternet saytında yığmamızın məşqindən şəkillər yerləşdirilib.

Şəkillərdən göründüyü kimi, futbolçularımız Dubayın mülayim havasında, palma ağaclarının əhatəsində müxtəlif təmrinləri yetirirlər. Özü də adətən məşqlərə kənardan nəzarət edən baş məşqçi Berti Foqts bu dəfə daha fəal nəzərə çarpır. O, yetirmələrinə fəndləri əyani şəkildə göstərməklə, onların da bunu təkrar etməsini istəyir.

Hətta Foqtsun milli komandamızın yarımmüdafiəçisi Fabio Luis Ramimlə meydançanın ortasında əl-ələ tutması da fotoobyektivdən yayınmayıb. Almaniyalı mütəxəssis Fabionu öz ardınca çəkərək, ona mühüm fəndləri başa salır.

Bu zaman isə yığmamızın qapıçıları məşqçi Uli Ştaynın rəhbərliyi altında bir kənarda çalışırlar. Sonda bütün futbolçular butslarını çıxararaq, ayaqyalın yüngül qaçışla məşqi başa vururlar.

Qeyd edək ki, milli komandamız fevralın 1-də Dubayda Özbəkistanla yoldaşlıq görüşü keçirəcək. Təlim-məşq toplanışı martın 28-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Rusiyaya qarşı oyuna hazırlıq xarakteri daşıyır.
0